BAKI, 19 avqust. TELEQRAF

Rəqəmsal mühitdə fərdi məlumatların ələ keçirilməsi və kiberdələduzluq halları kəskin şəkildə artmaqdadır. Bununla bağlı dövlət qurumları tərəfindən vətəndaşlara tez-tez xəbərdarlıqlar edilsə də, görülən tədbirlərə baxmayaraq, təhlükə hələ də aktual olaraq qalır.

Maraqlıdır, buna səbəb nədir və qarşısını necə almaq olar?

Kibertəhlükəsizlik Platformasının rəhbəri Şahin Əliyev Teleqraf-a açıqlamasında bildirib ki, bu tipli cinayətlər qlobal xarakter daşıyır və dünyada rəqəmsal təhdidlərin sayı getdiyə çoxalır.

Onun sözlərinə görə, nə qədər ki insan faktoru və insanların psixologiyasından istifadə edən üsullar mövcuddur, qanunsuz cəhdlərin də davam etməsi qaçılmazdır:

“Mövcud mənzərənin əsas səbəblərindən biri cəmiyyətdə informasiya təhlükəsizliyi sahəsində maarifləndirmənin kifayət qədər geniş aparılmamasıdır. Xüsusilə dövlət strukturları bu istiqamətdə müxtəlif layihələr həyata keçirir, əhalinin kiberresurslardan düzgün istifadə məlumatlılığını artırmağa çalışırlar. Banklar da mütəmadi olaraq televiziya və radio proqramlarında, eləcə də digər media platformalarında vətəndaşlara mümkün tələlər barədə xəbərdarlıq edirlər. Bununla yanaşı, aidiyyəti dövlət və özəl qurumlar risklərin minimuma endirilməsi, potensial təhlükələrin qabaqlanması və rəqəmsal savadlılığın artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirirlər. Bu çərçivədə ictimaiyyətə xüsusilə fişinq, saxta mesaj və keçidlər, sosial mühəndislik, şəxsi və bank məlumatlarının ələ keçirilməsi kimi geniş yayılmış kiber təhdidlər barədə informasiyalar təqdim olunur. Burada əsas məqsəd insanların təhlükəni daha erkən mərhələdə tanımasına, şübhəli məqamlarda düzgün qərar verməsinə və fərdi datalarını qorumasına dəstək olmaqdır.
Lakin kiberhücumlardan yüz faiz qorunmağa zəmanət vermək qeyri-mümkündür. Proses bundan sonra da davam edəcək. İnsanlarda asan və sürətli şəkildə pul qazanmaq istəyi olduğu müddətdə, dələduzlar da bu psixoloji amildən sui-istifadə etməyə çalışacaqlar".

Ekspert vurğulayıb ki, istifadəçilər bu cür onlayn resurslardan yararlanarkən onların etibarlılığını, təhlükəsizlik səviyyəsini və təqdim etdikləri xidmətlərin qanuniliyini həssaslıqla qiymətləndirməlidirlər:
“Xüsusilə maliyyə və şəxsi məlumatların daxil edilməsini tələb edən saytlarda ehtiyatı əldən verməmək vacibdir. Bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən qanunvericiliyə uyğun olaraq müxtəlif addımlar atılır. Şəxslərin üzərinə düşən əsas məsuliyyət isə internetdən istifadə zamanı ayıq-sayıq olmaq, şübhəli təhlükəli ünvanlardan uzaq durmaq və hər hansı maliyyə əməliyyatından əvvəl daxil olduqları mənbənin etibarlılığını yoxlamaqdır. Tanımadıqları və güvənmədikləri veb-səhifələrə daxil olmamalı, şübhəli linklərə keçid etməməli və onlara göndərilən mesajların real olub-olmadığını dəqiqləşdirməlidirlər. Xüsusilə bildirişin həqiqətən bank, dövlət strukturu və ya digər rəsmi təşkilat tərəfindən göndərilib-göndərilmədiyinə əmin olmaq vacibdir.
Həmçinin daxil olunan saytın təhlükəsizlik göstəriciləri nəzərə alınmalıdır. HTTPS və SSL/TLS kimi şifrələmə mexanizmlərinin tətbiq olunması vacib kriteriyalardandır. Lakin yalnız bu protokolların mövcudluğu platformanın avtomatik olaraq etibarlı olması mənasına gəlmir. Buna görə də istifadəçilər həm saytın ünvanını, həm də onun həqiqi mənbəyə aid olub-olmadığını yoxlamalıdırlar. Əsas məqsəd insanların internet fəaliyyətini məhdudlaşdırmaq deyil, onları potensial kibertəhlükələr barədə məlumatlandırmaq və rəqəmsal mühitdə daha təhlükəsiz davranış vərdişləri formalaşdırmaqdır”.