BAKI, 20 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın ən yaxın köməkçilərindən biri Natali Harp bir ildən çox standart dövlət sirrinə buraxılış icazəsi olmadan Ağ Evdə çalışıb. Buna baxmayaraq, o, prezidentə və həssas məlumatlara daim çıxış imkanına malik olub.
Teleqraf xəbər verir ki, bu barədə MS NOW mənbələrə istinadla məlumat yayıb.
Harp zəruri sənədləri təqdim edərək xüsusi buraxılış icazəsi alma prosesini dəfələrlə təxirə salıb. Halbuki prezident administrasiyasının əməkdaşları adətən işə başladıqları ilk mərhələdə bu prosedurdan keçirlər. Bu vəziyyət Ağ Evin hüquq xidməti, təhlükəsizlik əməkdaşları və ABŞ Məxfi Xidmətində narahatlıq yaradıb. Nəticədə Tramp şəxsən məsələyə müdaxilə edib. Bundan sonra Harp lazımi sənədləri doldurub və son aylarda dövlət sirrinə çıxış icazəsi alıb.
Natali Harp prezidentin xüsusi və icraçı köməkçisi vəzifələrini tutur, faktiki olaraq məlumatların Trampa çatdırılmasında əsas vasitəçilərdən biri kimi çıxış edir.
Milli təhlükəsizlik sahəsində çalışan nümayəndələrdən biri telekanala bildirib ki, Harpın Ağ Ev rəhbərinin daim yanında olması səbəbindən onun xüsusilə həssas məlumatlara çıxışı ola bilərdi.