BAKI, 20 avqust. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı yaranmış şərti ekstremal vəziyyətlə əlaqədar rəhbər və komandir-rəis heyətinin fəaliyyəti qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla keçirilən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.