BAKI, 10 avqust. TELEQRAF

Türkiyənin Ankara şəhərində ənənəvi III “Beynəlxalq Keçiören Türk Dünyası Şöləni” Festivalı keçirilib.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Keçiören Bələdiyyəsinin ev sahibliyi, TÜRKSOY, Türkiyədəki Türk dövlətlərinin səfirlikləri və Mədəniyyət Mərkəzlərinin dəstəyi ilə keçirilən tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən nümayəndələr, dövlət rəsmiləri, diplomatlar, yerli idarəetmə orqanlarının təmsilçiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, eləcə də çoxsaylı sakinlər iştirak ediblər.

Festivalın açılış mərasimində Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri, millət vəkili Kürşad Zorlu, Keçiören Bələdiyyəsinin sədri Məsut Özarslan və digər qonaqlar çıxış ediblər.

Çıxışlarda Türk dünyasının zəngin tarixi və mədəni irsi, ortaq dəyərləri, eləcə də müasir inkişafı və gələcəyə baxışları barədə fikirlər səsləndirilib.

Festivalın türk xalqları arasında qarşılıqlı əlaqələrin, dostluq və qardaşlıq münasibətlərinin, eləcə də həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Festivalda Türk dünyasının ortaq tarixi, zəngin mədəni irsi və mənəvi dəyərlərinə dair video nümayiş etdirilib. Tədbir çərçivəsində müxtəlif mədəni təqdimatlar, ənənəvi rəqslər, musiqi proqramları, film və sənədli film nümayişləri təşkil olunub.

Tədbirdə Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Mərkəzin “Zəngəzur – Azərbaycan Xalq Rəqsləri” Ansamblı və Azərbaycanın Xalq Artisti Azərin səhnəyə çıxaraq tamaşaçılara milli musiqi və rəqs sənətimizin seçilən nümunələrini təqdim ediblər. Azərbaycan sənətçilərinin ifaları böyük maraq və alqışlarla qarşılanıb.

Festivalın zəngin bədii proqramında Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası və Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasından olan musiqi və rəqs kollektivləri də çıxış edərək öz milli mədəniyyətlərinin ənənəvi nümunələrini nümayiş etdiriblər.

Türk dünyasının müxtəlif coğrafiyalarından sənət adamlarını və mədəniyyət nümayəndələrini bir araya gətirən festival ortaq tarixi-mədəni irsimizin təbliği, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarının möhkəmləndirilməsi, qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Festival boyunca türk xalqlarını birləşdirən ortaq dəyərlər, həmrəylik və birlik ruhu xüsusi vurğu ilə ön plana çıxarılıb.