BAKI, 3 avqust. TELEQRAF
"Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) və Kültürlararası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə yenidən Bakıdayıq. Təkrar burada olmaqdan böyük məmnunluq və qürur hissi keçiririk".
Bunu Teleqraf-a “Sülhün coğrafiyası: Qarabağ - Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı çərçivəsində Türkiyədən Azərbaycana gəlmiş media nümayəndə heyətinin tərkibində olan tanınmış jurnalist Fulya Öztürk deyib.
"Türkiyədən çoxsaylı media nümayəndələri ilə birlikdə Azərbaycana səfər etmişik. Mən də İkinci Qarabağ müharibəsi dövründə bölgədə fəaliyyət göstərmiş həmkarlarımla birlikdəyəm. Ziyarətdən sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşəcəyik. Görüş zamanı Qarabağda son vəziyyət, xüsusilə mina təmizləmə işlərinin hazırkı mərhələsi barədə ətraflı məlumat alacağıq. Bu proses hələ də davam edir və görülən işlərin gedişi ilə yaxından maraqlanırıq. Gözümüz-qulağımız Zəngəzurdadır.
Biz hər zaman Azərbaycanın qardaşlığını hiss etmişik. Türkiyə olaraq eyni qardaşlıq duyğularını bölüşdüyümüzü hər fürsətdə ifadə edirik. Yenidən bu torpaqlarda olmaqdan, həmkarlarımızla birlikdə İkinci Qarabağ müharibəsinin xatirələrini yada salmaqdan böyük qürur duyuruq", - deyə F. Öztürk əlavə edib.
F. Öztürk vurğulayıb ki, ölkəmizə hər səfərində Şəhidlər xiyabanını ziyarət edir: "Bakıya neçə dəfə gəldiyimin sayını artıq xatırlamıram. Bu şəhərə hər səfərimdə mütləq Şəhidlər xiyabanını ziyarət edir, Qarabağ uğrunda canından keçən şəhidlərimizin məzarları önünə qərənfillər qoyur, onların ruhuna dualar oxuyuram. Bu gün də eyni ənənəni davam etdirdik. Şəhidlərimizi dərin ehtiram və rəhmətlə anırıq.
Nə Birinci Qarabağ müharibəsini, nə də İkinci Qarabağ müharibəsini heç vaxt unutmayacağıq. Bu tarix xalqımızın yaddaşında əbədi yaşayacaq. Şükürlər olsun ki, zəfər sevincini də birlikdə yaşadıq. Bu qələbənin qürurunu hər zaman ürəyimizdə daşıyacağıq".