BAKI, 3 avqust. TELEQRAF

Şəmkirdə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci ildə rayonun kəndlərinin birində baş verib.

Şəmkir sakini Vüsal qısqanclıq zəmində həyat yoldaşı Aytacı bıçaqlayaraq öldürüb. O, arvadı Aytacın başqa kişi ilə sevgi münasibətinin olduğundan şübhələnib. Bu səbəbdən aralarında uzun müddət gərginlik yaşanıb. Vüsal hətta boşanmaq üçün məhkəməyə də müraciət edib.

Cinayət işi üzrə məhkəmə prosesində araşdırılan sübutlarla müəyyən olunub ki, təqsirləndirilən şəxs qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. Aldığı ağır xəsarətlər nəticəsində Aytac vəfat edib. Qətl cütlüyün azyaşlı oğlunun gözü qarşısında törədilib.

Məlum olub ki, hadisə günü onlar kənddə təsadüfən qarşılaşıblar. Vüsal həyat yoldaşından evdə qalan paltarlarını istəyərkən aralarında mübahisə yaranıb. Bu zaman Aytac əlində olan paketi ərinin başına vurub. Paketin içindən yerə düşən mətbəx bıçağın götürən kişi əsəblərinə hakim ola bilməyib və həmin bıçaqla qadına zərbələr vurub.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittihamı qismən qəbul edib. O bildirib ki, həyat yoldaşının telefon yazışmalarını bərpa etdirdikdən sonra onun başqa kişi ilə münasibətdə olduğunu öyrənib: "Mənim onu öldürmək kimi niyyətim olmayıb. Hadisə zamanı özümü itirmişdim. Hadisədən sonra gedib polisə könüllü təslim oldum".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal 15 il müddətinə azadlıqdan məhrum edilib.