BAKI, 3 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq tərəfdaşları Rusiyanın ballistik raket istehsal edən müəssisələrinə qarşı sanksiya təzyiqini gücləndirməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı Ukrayna səfirlərinin müşavirəsində çıxışı zamanı bildirib.

“Hamının maksimum səfərbər olması və Rusiyaya qarşı sanksiyalar sahəsində daha çox nəticə əldə etməsi vacibdir. Hər kəs Rusiyadan gələn ballistik təhlükəni görür, bu gün bu barədə dəfələrlə danışmışıq. Bu təhlükə artır. Ballistik raketlər istehsal edən Rusiya müəssisələri hələ də bütün dünya tərəfindən tətbiq olunan sərt qlobal sanksiyalara məruz qalmayıb. Ballistik raket istehsal edən bəzi əsas Rusiya müəssisələri hələ də ABŞ, Böyük Britaniya, Yaponiya, İsveçrə və digərilərinin sanksiya siyahısına daxil edilməyib. Ballistik raketlərin istehsalında iştirak edən Rusiyanın 17 əsas müəssisəsindən əksəriyyəti sanksiya boşluqlarından istifadə edə bilir”, - Zelenski bildirib.

O vurğulayıb ki, Ukrayna sanksiya siyasətinin əlaqələndirilməsi və mövcud boşluqların aradan qaldırılması üçün tərəfdaşlarla koordinasiyanı gücləndirməlidir.

Zelenskinin sözlərinə görə, sanksiyalar yalnız silah istehsalçılarını deyil, həm də Rusiyanın silah istehsalı üçün həyati əhəmiyyət daşıyan komponentləri əldə etməsinə kömək edən bütün fiziki və hüquqi şəxsləri, satınalma şəbəkələrini, maliyyə institutlarını və tranzit kanallarını da əhatə etməlidir.

Prezident diqqətə çatdırıb ki, oxşar problem Rusiyaya tədarük edilən Şimali Koreya istehsalı olan ballistik raketlərlə bağlı da mövcuddur:

“Bu raketlər digər ölkələrdən kritik komponentlərin tədarükü olmadan istehsal edilə bilməz. Söhbət Şimali Koreyaya köhnə ehtiyatlardan deyil, yeni komponentlərin çatdırılmasından gedir”.