BAKI, 12 iyun. TELEQRAF
"Bu gün Azərbaycan sürətlə inkişaf edir, qlobal siyasi və iqtisadi proseslərdə söz sahibi olan, beynəlxalq təşəbbüslər irəli sürən, regionun gələcəyini formalaşdıran güclü və qüdrətli dövlət kimi öz mövqeyini möhkəmləndirir".
Teleqraf xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev BDU-nun Məzun Günündə deyib.
O bildirib ki, bu gün qlobal miqyasda yeni bilik iqtisadiyyatı formalaşır.
"Rəqəmsal transformasiya cəmiyyətlərin inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilir. Azərbaycan da bu proseslərin fəal iştirakçısı kimi davamlı inkişaf edir, yeni imkanlar yaradır və insan kapitalının gücləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edir.
Siz dünyanın sürətlə dəyişdiyi, yeni texnologiyaların, süni intellektin həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə təhsil alaraq məzun olursunuz. Müasir dünyamızda hər bir uğurun əsasında bilik, peşəkarlıq, çevik düşüncə və yeniliklərə can atmaq dayanır. Siz Universitetdə qazandığınız biliklərə, dünyagörüşünüzə və əldə etdiyiniz bacarıqlara söykənərək ölkəmizin inkişafında mühüm rol oynayacaqsınız", - o vurğulayıb.
Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb.