GÖYGÖL,12 iyun. TELEQRAF
Yeni Dövlət Proqramı yalnız istehsal və emal istiqamətlərini deyil, həm də dəstəkləyici tədbirləri əhatə edir. Qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma bu proqramın mühüm dayaqlarıdır. “Aqrar sahə haqqında”, “Toxumçuluq haqqında”, “Balıqçılıq haqqında” qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Teleraf-ın yerli bürosu xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Göygöl rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
“Eyni zamanda “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin yaradılması, DAİM-lərin regional əsasda idarəetməyə keçidi, aqrar süni intellekt sisteminin genişləndirilməsi, EKTİS-in data yönümlü alt sistemlərinin inkişafı sahənin daha çevik və məlumat əsaslı idarə olunmasına xidmət edəcək”, - deyə o bildirib.