BAKI, 8 may. TELEQRAF
Cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edən Nizami rayon sakini 2004-cü il təvəllüdlü Şirəliyeva Nərmin Daşqın qızı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, həmçinin müvafiq rayon icra hakimiyyətinə faktın hərtərəfli araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə rəsmi müraciətlər ünvanlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
"Eyni zamanda, qeyd olunan iddialarla bağlı xanımla əlaqə yaradılıb, onun təhlükəsizliyinin, hüquqlarının qorunmasının və zəruri sosial-psixoloji dəstəyin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti xidmətlər təklif olunub. Komitə tərəfindən xanımın təhlükəsiz şəraitdə yerləşdirilməsi məqsədilə sığınacaqla təmin olunması da təklif edilsə də, o, bundan imtina edib", - T. Mərdanoğlu vurğulayıb.
Qeyd edək ki, N.Şirəliyeva bir müddət əvvəl videomüraciət yayımlayaraq 33 yaşlı əmisi A.Qasımlı tərəfindən cinsi istismara məruz qaldığını, əmisi və atası tərəfindən təhdid edildiyini iddia edib.
O aidiyyəti qurumların məsələni nəzarətə götürməsini istəyib. O, videonu paylaşdıqdan sonra başına hər hansı hadisə gələcəyi təqdirdə adını çəkdiyi yaxınlarının məsuliyyət daşımalı olduğunu qeyd edib.