BAKI, 13 fevral. TELEQRAF

Peyvəndlərlə bağlı tərəddüd və suallar təkcə COVID-19 dövrünə aid deyil. Tarix boyu bəşəriyyətin üzləşdiyi böyük epidemiyalar və pandemiyalar zamanı (çiçək, poliomielit, qızılca) və digər ağır yoluxucu xəstəliklər dövründə də peyvənd və müalicə üsullarına qarşı şübhələr olub. Bu, cəmiyyətin yeni tibbi yanaşmalara verdiyi təbii reaksiyadır. İnsan sağlamlığı ilə bağlı qərarlarda ehtiyatlı olmaq istəyir və bu başadüşüləndir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.

"Amma tarix göstərir ki, milyonlarla insanın həyatını xilas edən əsas amil elmi yanaşma, profilaktika və peyvənd proqramları olub. Bu sahədə çalışan alimlərin və həkimlərin adı bu gün də hörmətlə çəkilir. Emosional etirazlar isə zaman keçdikcə arxa planda qalır, nəticəni isə faktlar müəyyən edir".

O qeyd edib ki, COVID-19 dövründə müzakirə olunan əsas tibbi mövzulardan biri də peyvənddən sonra nadir hallarda müşahidə olunan miokardit və perikardit hallarıdır.

"Mən bir ürək həkimi kimi bu məsələyə həm klinik, həm də elmi prizmadən yanaşıram. Bəli, beynəlxalq ədəbiyyatda xüsusilə gənc yaş qrupunda peyvənddən sonra nadir miokardit və perikardit halları təsvir olunub. Lakin bu hallar çox aşağı tezlikdə rast gəlinir, əksərən yüngül klinik gedişli olur və düzgün izləmə və müalicə ilə tam bərpa ilə nəticələnir.

Digər tərəfdən isə klinik praktikada gördüyümüz daha mühüm reallıq var: COVID infeksiyasının özü ürək əzələsinə zədələnmə, ritm pozuntuları, miokardit və hətta ürək çatışmazlığına qədər gedə bilən fəsadlar törədə bilir və bu risk peyvənddən sonrakı risklə müqayisədə qat-qat yüksəkdir. Yəni risk qiymətləndirməsi aparılarkən yalnız peyvənddən sonrakı nadir hallar deyil, xəstəliyin özünün yaratdığı daha böyük təhlükə də nəzərə alınmalıdır.

Bu gün üstünlüyümüz ondadır ki, böyük populyasiyalar üzrə real məlumat bazaları mövcuddur və milyonlarla insan üzərində toplanan nəticələri analiz etmək mümkündür. Bu geniş datalar COVID-19 peyvəndləri ilə gənclərdə davamlı ürək çatışmazlığı arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləmir. Təhlükəsizlik göstəriciləri isə davamlı monitorinq altındadır.
Mən hesab edirəm ki, peyvənd tərəddüdü olan insanlara qarşı sərt mövqe yox, açıq dialoq lazımdır. Narahatlıqları dinləmək, sualları cavablandırmaq və qərarı elmi sübutlara əsasən birlikdə vermək ən doğru yoldur. Səhiyyədə əsas prinsip qorxu deyil, məlumatlı seçimdir", - bildirib.