BAKI, 19 may. TELEQRAF

Bu ilin yanvar-aprel ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 92 milyon 440 min manatlıq narkotik dövriyyədən çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Məlumata görə, qanunsuz dövriyyədən çıxarılmış 3 ton 529 kq 169,4 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 92 milyon 440 min manat kimi qiymətləndirilib.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 529 kq 169,4 qram və 3536 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 055 kq 320,59 qramını marixuana, 177 kq 876,246 qramını heroin, 70 kq 346,69 qramını tiryək, 173 kq 547,24 qramını həşiş, 7 kq 276,04 qramını digər narkotik vasitələr və 44 kq 802,594 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı 93 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb.