Ötən il Uşaq Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları tərəfindən 1159 ailəyə səfər edilib.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair kollegiya iclasında deyib.

O bildirib ki, bu səfərlərin 560-ı təhsildən yayınma, erkən evlilik, məişət zorakılığı, ailə mübahisələri, uşaqla ünsiyyət, qəyyumluq və himayə məsələləri ilə bağlı olub.

"Həmçinin erkən evlilik faktları üzrə 36 ailəyə səfər edilib, 22 halın qarşısı alınıb, 81 uşaq təhsilə cəlb edilib", - sədr vurğulayıb.

O bildirib ki, mediadan Komitəyə ən çox erkən evlilik və təhsildən yayınma halları ilə bağlı müraciət edilib.

"Ötən il mediadan 306 müraciət daxil olub. Onun 174-ü televiziya, 123-ü sayt, 9-u isə radiodan daxil olub. Ümumi müraciətlərin 53-ü erkən evlilik, təhsildən yayınma ilə bağlıdır. Nikah və boşanma üzrə 40, uşaqlara qarşı zorakılıq üzrə 21, məişət zorakılığı üzrə 18, uşaq hüquqları üzrə 18, qohum evliliyi üzrə 17 müraciətə baxılıb", - sədr əlavə edib.