BAKI, 12 fevral. TELEQRAF
Atalığı tərəfindən cinsi zorakılığa məruz qalan 11 yaşlı uşağın qiymətləndirilməsi həyata keçirilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib.
"Qiymətləndirmənin nəticəsinə əsasən ona fərdi inkişaf planı hazırlanacaq və uşağın mənafeyinə uyğun addım atılacaq", - məlumatda qeyd olunub.
Qeyd edək ki, 11 yaşlı qız şəhər xəstəxanalarının birində müalicə olunandan sonra "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağına yerləşdirilib. Birliyin sədri Kəmalə Ağazadə azyaşlının 8 yaşından etibarən atalığı tərəfindən seksual hərəkətlərə məruz qalması, anası tərəfindən də təhdidlərin olması səbəbindən müəssisəyə yerləşdirilməsinə zərurət yarandığını bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi faktla bağlı araşdırma aparıldığını, nəticəsindən asılı olaraq hüquqi tədbirlərin görüləcəyini qeyd edib, atalığın polis əməkdaşları tərəfindən saxlandığını vurğulayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də sorğu ünvanlanıb.