BAKI, 21 yanvar. TELEQRAF
Milli Qəhrəman Natiq Qasımovun oxuduğu Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə büstünün açılışı olacaq.
Bu barədə Teleqraf-a Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov bildirib.
"Prezidentin sərəncamı ilə 2024-cü ilin 25 iyun tarixində Natiq Qasımov Milli Qəhrəman adına layiq görüldükdən sonra həmin ilin noyabr ayında Baş nazir Əli Əsədovun qərarı ilə oxuduğu 4 saylı Mingəçevir şəhər tam orta məktəbə Natiq Qasımovun adı verildi.
Ardınca Elm və təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərinə gəldi və mənimlə birlikdə məktəbdə büstünün harada qoyulacağına baxış keçirdik. İndi büst hazırdır. Yanvar ayının sonlarında nazir Emin Əmrullayevin Mingəçevir şəhərinə səfəri və onun iştirakı ilə büstün açlışı gözlənilir" - deyə Nofəl Qasımov bildirib.
Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər.
1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşlər gedib. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.
22 nəfər Xocalı sakininin öldürülməməsi üçün sonda əlində Azərbaycan bayrağı düşmənə təslim olur.
Natiq Qasımovun sonrakı taleyi məlum deyil.