BAKI, 21 yanvar. TELEQRAF
“İran rejiminə qarşı baş qaldırmış ümumxalq etirazlarından sonra geridönüş yoxdur, xalq bu yolda qalib gələcək”.
Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı (şahbanu) Fərəh Pəhləvi “Frans Press”ə müsahibəsində deyib.
O bildirib ki, indiki arzusu və ehtiyacı İrana qayıtmaqdır. Son etirazlara toxunan Fərəh Pəhləvi qeyd edib ki, gənc iranlılar böyük cəsarətlə tarixdə yeni fəsil yazırlar, bu yol, yüksək bədəl tələb etsə də, azadlığa aparacaq.
Şahbanu etirazların rejim tərəfindən zorakılıqla yatırılmasına diqqət çəkərək bildirib ki, minlərlə etirazçı ölkələrinin azadlığı uğrunda canını qurban verib və İran yenidən azad olana qədər daha neçə nəfərin həyatını itirəcəyini yalnız Allah bilir.
Pəhləvinin sözlərinə görə, bu itkilər qələbə tələb edir və bu da yalnız İran üçün olmayacaq, həm də dünya sülhü, təhlükəsizlik və sabitliyinə töhfə verəcək.
Fərəh Pəhləvi İran xalqı və xaricdəki müxaliflər arasında əlaqə yaratmaq və qlobal ictimaiyyətin diqqətini bu hadisələrə cəlb etmək üçün daha geniş aksiyalar təşkil etmək kimi iki əsas vəzifəni vurğulayıb.
Xarici hərbi müdaxilə ilə bağlı sual verildikdə isə o söyləyib ki, məqsədi İran xalqına qlobal dəstək göstərməkdir və iranlıların həyatlarını itirməsinə laqeydcəsinə imkan verilməməlidir.
O əlavə edib ki, İran xalqının qələbəsi və demokratik sistemin qurulması Yaxın Şərqdə sülh və sabitliyə yol açacaq.
Fərəh Pəhləvi oğlu Rza Pəhləvinin roluna da toxunaraq bildirib ki, onun rolu İran xalqı tərəfindən müəyyən ediləcək və ölkənin gələcəyi yalnız xalqın azad qərarları ilə formalaşmalıdır. O iddia edib ki, oğlu yalnız azadlıq əldə edilənədək “İran gənclərinin səsi” rolunu oynayır.
Şahbanu İrana qayıtmaq istəyini bir daha vurğulayıb və söyləyib ki, onilliklər boyu gözləmədən sonra tezliklə iranlılarla yenidən görüşmək və ölkəsinə qayıtmaq arzusu reallaşacaq.