BAKI, 21 yanvar. TELEQRAF
"Bir sıra qurumlar məhz Azərbaycana və onun uğurlarına qarşı qəsdən saxta xəbərlər yayırlar".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirə deyib.
O bildirib ki, dezinformasiyanın qarşısının alınması media savadlılığı ilə mümkündür.
"Hər birimiz vətəndaş kimi saxta xəbərlərlə mübarizə aparmalıyıq. Savadsızlığın, primitivliyin qarşısını almaq üçün ziyalı mövqeyini ortaya qoymalıyıq", - R.Məcid vurğulayıb.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, Azərbaycan sistemli dezinformasiya təhdidlərinin hədəfindədir.
"Dezinformasiyanın yayılmasının çox sayda üsul və vasitələri mövcuddur. İctimai fikri narahat edən digər bir aspekt dezinformasiya üçün münbit şərait yaradan əsas amil mediaya inamın azalmasıdır", - o əlavə edib.
O bildirib ki, ən böyük təhlükələrdən biri də kütləvi şüurun dezinformasiyanın təsirinə düşməsi riskidir.
"Azərbaycanda bu sahədə bir sıra işlər görülür. Buna nümunə olaraq Şuşada hər il keçirilən müzakirələri qeyd etmək lazımdır. orada peşəkar medianın rolu məsələləri geniş müzakirə olunur".
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, bu günlərdə Davosda Dünya İqtisadi Forumu (WEF) “Qlobal Risklər Hesabatı”nı (“Global Risks Report”) açıqlayıb.
Hesabata görə, dezinformasiya, saxta məlumatlar Azərbaycan üçün 2026-cı ildə əsas risk kimi göstərilib. Hesabatda dezinformasiya həmçinin qlobal miqyasda da ciddi təhlükə kimi dəyərləndirilib: “Dünya İqtisadi Forumunun dezinformasiyanı Azərbaycan üçün əsas risk kimi göstərməsi ciddi siqnaldır".
“Süni intellektlə yaradılmış saxta görüntülər, videolar və bot şəbəkələrinin ictimai rəyə təsiri” mövzusunda çıxış edən Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli bu texnologiyaların informasiya manipulyasiyası baxımından yaratdığı risklərə diqqət çəkib.
Dezinformasiyaya qarşı mübarizədə vətəndaşların media savadlılığının artırılması və QHT-lərin ictimai maarifləndirmədə rolu mövzusunda keçirilən sessiyada Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT-lərin bu sahədəki nəzarət mexanizmlərindən bəhs ediblər.
“Azərbaycana qarşı hibrid təhdidlər və informasiya savaşının geosiyasi aspektləri” mövzusunda sessiyada Zaur İbrahimli və Sənan Nəcəfov qlobal miqyasda hibrid təhdidlərin genişlənməsinə diqqət çəkiblər.
Dezinformasiyanın regional dinamikasına həsr olunmuş sessiyada millət vəkili Azər Allahverənov Türk dünyası üçün informasiya məkanında koordinasiyalı fəaliyyətin strateji əhəmiyyət daşıdığını bildirib. Qlobal Cənub QHT Platformasının nümayəndəsi Fuad Kərimli isə rəqəmsal savadlılığın zəifliyi və texnoloji resurs çatışmazlığının bu regionda dezinformasiyanın təsirini artırdığını vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu cəmiyyət üçün aktual mövzularda ictimai müzakirələri davam etdirəcək.