BAKI, 21 yanvar. TELEQRAF

2025-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən ümumilikdə 14 104 cinayət hadisəsi qeydə alınıb. Cinayətlərin 93,4 faizinin açılması təmin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi zamanı bildirilib.

Bakı şəhərinin daxili işlər orqanları ilə qarşılıqlı işgüzar əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ötən il törədilmiş bütün ağır cinayətlərin açılması mümkün olub. Belə ki, 2025-ci ildə qeydə alınan 39 qəsdən adam öldürmə və 19 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısı tam şəkildə açılıb.

Eyni zamanda, əvvəlki illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətinin də açılması təmin edilib.

Rəsmi məlumatda qeyd olunub ki, əldə edilən nəticələr hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın və operativ tədbirlərin nəticəsidir.