BAKI, 21 yanvar. TELEQRAF

Son günlər yağan yağışlar fonunda Sumqayıt şəhərinin Yaşıl dərə yaşayış massivində yol infrastrukturunun bərbad vəziyyətdə olduğu barədə sakinlər çoxsaylı şikayət səsləndirir. Yağıntılı hava şəraiti zamanı yollarda keçid çıxılmaz olur, piyadalar ciddi çətinliklərlə üzləşir. Həmçinin, həmin ərazidən istifadə edən sürücülər avtomobillərin texniki hissələrinin tez-tez zədələndiyini bildirirlər.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Bələdiyyəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il üçün Yaşıl dərə yaşayış massivində genişmiqyaslı abadlaşdırma işləri nəzərdə tutulub.

Layihələrin mərhələli icra prinsipi əsasında həyata keçirilməsi planlaşdırılır və proses zamanı sakinlərin müraciətləri, real ehtiyaclar və texniki imkanlar nəzərə alınacaq.

Qeyd olunub ki, sözügedən yaşayış massivi və ətraf ərazilər sosial-iqtisadi inkişaf planına daxil edilib.

Məlumata görə, mövcud infrastrukturun vəziyyəti, əhali sıxlığı, nəqliyyat və piyadaların hərəkət intensivliyi nəzərə alınmaqla prioritet istiqamətlər müəyyənləşdirilib.