BAKI, 21 yanvar. TELEQRAF

Rusiya-Ukrayna müharibəsində həlak olan Azərbaycan vətəndaşı Əhmədov Orxan Niftalı oğlunun Naxçıvanda ailə üzvləri və yaxınlarının iştirakı ilə şəhid kimi dəfn edilməsi, məzar daşının üzərinə şəhid sözünün yazılması birmənalı qarşılanmayıb.

Teleqraf-ın məlumatına görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Göründüyü kimi, sözügedən Qanunda Azərbaycan vətəndaşlarına hansı halda şəhidlik statusu verilməsi açıq-aydın qeyd olunur. Həmin Qanunun 3-cü maddəsində isə yuxarıda göstərilən əlamətlər üzrə həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək məqsədilə qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması, şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi nəzərdə tutulur. Bundan başqa, həmin Qanunda şəhid ailəsi üçün nəzərdə tutulan güzəştlər və imtiyazlardan da söz açılır.

Bu Qanunun pozulmasına görə məsuliyyət də nəzərdə tutulub. 7-ci maddəyə əsasən, bu Qanunun pozulmasına görə vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Məsuliyyəti eyni zamanda Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları da daşıyırlar ki, bununla bağlı artıq Baş Prokurorluq xəbərdarlıq edib.

Belə ki, 2025-ci ilin dekabrında yayımladığı xəbərdarlıqda Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakının cinatyət olduğu qeyd edilib.

Baş prokurorluq xatırladıb ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayət hesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

Qeyd edilib ki, artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaşımız barəsində Azərbaycanın aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsində müvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər. Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, Əhmədov Orxan Niftalı oğlu döyüşlərə Rusiya silahlı qüvvələrinin tərkibində qatılıb, 2024-cü ildə Donetsk istiqamətində həlak olub.