BAKI, 17 noyabr. TELEQRAF

“Bu məmləkətin insanlarının da artıq kosmosa çatmaq üçün qapıların açıldığını, bir yolun təsis edildiyini hiss etməsi önəmlidir. Əgər bu özgüvəni formalaşdıra bilsələr, bundan sonrakı prosesdə içlərindəki potensialın boşa getməyəcəyini hiss etsələr, o zaman məhsuldar nəticəyə çatmaq imkanımız olacaq”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcı STEAM Azərbaycan festivalı zamanı deyib.

O bildirib ki, festivalda müxtəlif sahələri əhatə edən layihələrlə tanış olub, xüsusilə kosmik texnologiyalarla bağlı işlər diqqətini cəlb edib.

“Burada gəzərkən daha çox kosmik layihələrə rast gəldim. Hər bir uşağın potensialı fərqli sahələrə yönələ bilər. Astronavt seçimində tək sahə üzrə yetişmiş insanlara deyil, müxtəlif istiqamətlər üzrə bilik və bacarığı olan şəxslərə üstünlük verilir. Texnofest yarışlarında da fərqli ssenarilər üzərində işlənilir. Biz də Türkiyədə və Azərbaycanda müxtəlif platformalarda gənclərlə bir araya gəlməyə çalışırıq”- A. Gezeravcı vurğulayıb.