BAKI, 17 noyabr. TELEQRAF
“Bu il festivalın 5 illik yubileyini qeyd edirik. Tam inamla deyə bilərəm ki, bu platforma gələcəyin innovatorları və mühəndisləri üçün vacib bacarıqlar qazandırır”
Teleqraf xəbər verir ki, STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimində STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib.
Onun sözlərinə görə, tədbir yalnız elm və texnologiyanı deyil, həm də yaradıcı düşüncə və liderlik bacarıqlarını təşviq edir:
“Festival şagirdlərə təkcə nəzəri biliklər deyil, praktik bacarıqlar da qazandırır. Rəqəmsal biliklərin artırılması və beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır. Orta Asiya ölkələrində təlimlərin qutulmasına nail olmuşuq. STEAM layihəsi ilk başladığı zaman 41 məktəbi əhatə edirdi. Hazırda isə layihə 400-dən çox məktəbdə 300 mindən artıq şagirdi əhatə edir”, - o qeyd edib.
İqrar Nəzərovun sözlərinə görə ölkə üzrə fəaliyyət göstərən aktiv STEAM mərkəzlərinin sayı artıq 21-ə çatıb.