BAKI, 16 noyabr. TELEQRAF
Ötən yazılarımızda Türkiyə Cümhuriyyətinə xidmət etmiş irəvanlılardan bəhs etmişdik. Rza İsmixanov (Yalçın), Abbasəli Çetin, Çingiz Ekinci kimi Türkiyə Böyük Millət Məclisində yer almış, Qərbi Azərbaycanda doğulmuş insanların həyat hekayəsini yazmışdıq. Bu dəfə isə Qarsda “Xan əmi” ləqəbi ilə tanınan Hüseyin Xan Talınlıdan bəhs edəcəyik.
Hüseyn xan 1899-cu ildə İrəvanın Talın bölgəsində doğulub. Atası Əlipaşa xan, anası Cənubi Azərbaycandan olan Tükəzban Sona xanımdır. Ona Talın bölgəsinin başçısı olan babası Hüseyn xanın adı qoyulub. Talınlı İrəvan Gimnaziyasında təhsil alıb. 1918-ci ildə Talının mühasirəsi zamanı ermənilər ailəsini öldürüb, onun da bu anarxiya dövründə həlak olduğu düşünülüb. Lakin bölgədəki azərbaycanlılar Hüseyn xanın yaşadığını görüb özləri ilə birlikdə Bakı ətrafına aparıblar. Bakı, Gəncə, Tiflis, Batum çevrəsində yaşadıqdan sonra Qarsa gəlib.
Birinci Dünya müharibəsinin yaratdığı şərtlər bölgədəki türklərin müxtəlif siyasi təşəkküllər yaratmalarına səbəb olub. 5 noyabr 1918-ci ildə Qars Milli Şurası yaradılıb, Hüseyn xan Qarsın Kızılçakçak (Akyaka) bölgəsinə qaimməqam olaraq göndərilib. Bu vəzifədə ikən Ağbaba və Şörəyeldə milis qüvvələrini formalaşdırıb, Arpaçayın müdafiəsinə süvari birliyi göndərib. Düşmən depolarına hücum edən bu qüvvələr Qarsın müdafiəsi üçün silah təmin edib.

Qars Milli Şurasının yaratdığı Cənubi Qərbi Qafqaz Hökumətinə xidmət edən Hüseyn xan bu fəaliyyətinə görə xüsusi medalla təltif olunub. Milli Şura hökumətinin hazırladığı həmin 4 medalın digəri Axısqa bölgəsindən olan mühəndis, daha sonra Ərdəhan məbusu olan Osman Sərvər Atabəyə və Kağızmandan olan Əlirza Atamana verilib. Dördüncü medal isə ingilislər hökuməti devirdikləri zaman qəsb edilib. Bu medalı dağıstanlı mühacir Məhəmməd Tuğcu hazırlayıb. Medalda qılınc və altı guşəli ulduz təsviri və yazılar yer alıb.
1919-cu ilin aprel ayında ingilislər Qars Milli Şurasının binasını basıb hökumət rəhbəri İbrahim Cahangiroğlu başda olmaqla üzvləri Malta adasına sürgün ediblər. Bu dövrdə Hüseyn xan da həbs olunaraq Batuma göndərilib, lakin oradan qaçmağı bacarıb. O, qatarın altına özünü bağlayaraq gizli şəkildə Azərbaycana keçib. 1919-cu ildə o, Gəncədə ikən üsuli-tədris və pedaqoji kurslara qatılıb, məzun olduqdan sonra 18 avqust 1921-ci ilə qədər Gədəbəydə bir məktəbdə müəllim kimi çalışıb.
1921-ci ilin sentyabrında Rusiya ilə Osmanlı arasında imzalanan anlaşmaya əsasən irəvanlı mühacirlərin Qarsa yerləşməsinə icazə verilib. Hüseyn xan da İrəvanın xilasında iştirak etmək arzusuyla Qarsa qayıdıb. Cümhuriyyətin elanına qədər o, Qarsın qurtuluşunda iştirak edib. Rus, alman, fransız dillərini bildiyi üçün Hüseyn xan sərhəd görüşmələrində Türkiyəni təmsil edən heyətdə yer alıb.
Qarsın bələdiyyə sədri
Hüseyn xan 1922-ci ildə Bülbül adlı xanımla ailə həyatı qurub. Dolanışığını təmin etmək üçün Əhməd Qaraçanta ilə birlikdə baqqallıqla, daha sonra foto çəkməklə məşğul olub. 1923-cü ildə Qarsda Türk Ocağı açıldığı zaman oradakı şöbədə çalışıb, 1926-1931-ci illərdə bu tarixi qurumun sədrliyini həyata keçirib.
Cümhuriyyətin qurulmasından sonra yurd gəzintilərinə çıxan Mustafa Kamal paşanı görmək Hüseyn xana qismət olub. O, paşanı ilk dəfə 30 sentyabr 1924-cü ildə Ərzurumda görüb. 6 oktyabr 1924-cü ildə “Xoş gəlişlər ola, Mustafa Kamal paşa” şərqisi ilə Qarsda dövlət başçısını qarşılayan azərbaycanlılar arasında o da yer alıb.

Hüseyn xan 1942-ci ilə qədər Cümhuriyyət Xalq Firqəsinin Qarsdakı şöbəsinin idarə heyətində təmsil olunub. 1926-cı ildə Qars şəhərinin bələdiyyə sədri seçilib. Qarsın üçüncü bələdiyyə sədri kimi 1930-cu ilədək 4 il bu vəzifəni yerinə yetirib. Onun dövründə Qarsın içməli su problemi həll edilib. Həmçinin uzun müddət Vilayət Daimi Əncüman üzvü kimi fəaliyyət göstərib.
1934-1942-ci illərdə o, Qars Xalq Evinin sədri olub. 1934-cü il soyad qanunundan sonra doğulduğu bölgənin adını götürüb.
Talınlı Qars Xalq Evinin sədri olduğu zaman gənclərin təhsilinə maddi və mənəvi yardım edib, xalqın aydınlanması üçün mühazirələr təşkil edib. İdmana, teatra, musiqiyə, folklara önəm verib, kasıb əhali üçün aşxana açıb. Buna görə də Qarsda “Xan əmi” adını qazanıb. Ayxan və Güven adında iki qızı olub. Ayxan Ankara Tibb Fakültəsində oxuyub.
Hüseyn xan 1950-ci il seçkilərində millət vəkilliyinə namizəd olub, lakin yetərli səsi toplaya bilməyib. Bu illərdə Qars Heyvan İxracatı Birliyində müxbirat rəisi və tərcüməçi kimi çalışıb. 1952-ci ildə İğdır Pambıq Kənd Təsərrüfatı Satış Kooperativləri Birliyi Müfəttişliyi (Nəzarət Şurasının üzvlüyü) vəzifəsini icra edib. Bu dövrdə dostları ilə sərhədə gedib, illər sonra İrəvanı qarşı tərəfdən seyr etdiyi zaman yanındakılara deyib: “Bax, orada kim idim, indi kim oldum”.
Bir dəfə İğdıra gələn Qars valisi onun yenidən Qarsa qayıtmasını istəyib, o da məmnunluqla qarşılayaraq yenidən Vilayət Daimi Əncüman üzvlüyünə müraciət etməyə razılıq verib.
Hüseyn xan Qarsın qəsəbəsi olan Iğdırda yaşadığı dövrdə ürək problemi yaşayıb. Həkim Rəhmi Uluxan onun xəstəliyi ilə müntəzəm maraqlansa da, növbəti ürəktutması zamanı vəfat edib. Dostlarından Əşrəf Qaya bəy son anında yanında olub. 1952-ci ildə dünyadan köçən Hüseyn xan Talınlının cənazəsi Qarsa gətirilib. Üzərindəki paltarın cibindən çıxan bir qeyddə bu bayatı yazılıb:
Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.
Hüseyn xan Talınlının vəfatı ilə bağlı yerli “Dil” qəzetində nekroloq yazılar dərc edilib.
