BAKI, 14 noyabr. TELEQRAF

Qloballaşan dünyada dillərin qarşılaşması və qarışması təbii proses sayılsa da, ana dilimizin saflığının qorunması bu gün hər zamankından daha böyük əhəmiyyət daşıyır. Xüsusilə xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin getdikcə zəifləməsi, gündəlik ünsiyyətdə yad sözlərin üstünlük qazanması və yeni nəsildə dil biliklərinin tədricən itməsi artıq ciddi sosial problemə çevrilməkdədir.

Mövzu ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Fiologiya elmləri doktoru, professor Nadir Məmmədli Teleqraf-a açıqlamasında bildirib ki, vətəndaşlarımız dilimizin normalarını əksər halda pozurlar:

“Xaricdə yaşayan soydaşlarımızı müəyyən mənada başa düşmək olar ki, orda məktəb və bir sıra təhsil ocaqları yoxdur, məhz buna görə də dilimiz məişət səviyyəsində istifadə olunur. Onlar ev şəraitində ana dilimizdən istifadə edir, cəmiyyət arasında olduqda isə əcnəbi dildə danışırlar. Adicə ölkəmizdə yaşayan vətəndaşlarımız dilimizdə ciddi pozuntulara yol verirlər, halbuki buna diqqət etməlidirlər. On il əvvələ baxsaq, müəyyən irəliləyiş olduğunu görərik, amma problemlər yenə də var. Bu cür şərait olduğu halda biz niyə dilimizi əcnəbi sözlərlə korlamalıyıq?"

Professorun sözlərin görə, dövlətlərarası münasibət varsa, deməli, dillər arasıda da münasibət var:

“Elm və texnologiyanın inkişaf etdiyi bir dövrdə niyə biz xarici sözlərdən istifadə edib dilimizə zərər vurmalıyıq? 1926-cı ildə keçirilmiş Türkoloji Qurultayda da bu məsələ qoyulmuşdu ki, dilimizdə artıq sözləri çıxarıb, beynəlxalq aləmdə qəbul edilən, bütün dünyanın istifadə etdiyi sözləri götürmək lazımdır.

Sovet dövründə Azərbaycan dilinin qayda-qanunları, bütün prinsiplərinə riayət olunurdu, amma müstəqillikdən sonra insanlarda dilimizə münasibətdə sərbəstlik yarandı. Əlbəttə ki, bunlarında səbəbləri var, o vaxt bizim Rusiyadan başqa çıxış yolumuz yox idi. Dilimizə kənardan bütün sözlər rus dili vasitəsi ilə gəlirdi. İndi isə dünya dillər ilə münasibətimiz var və buna görə dillərimizə xarici sözlər keçir”.

Nadir Məmmədli əcnəbi sözlərin dilimizə keçməsinə də münasibət bildirib: “Biri var alınma sözlər, biri də var əcnəbi sözlər. Təbii ki, dilimizə alınma sözlərin, müəyyən terminlərin, beynəlxalq sözlərin gəlməsi mənfi hal deyil. Çünki onlara ehtiyac var, biz bunu qəbul etməliyik. Ən qorxulu proses əcnəbi sözlərin dilimizə gəlməsidir. Dilimizdə bu sözlər öz yadlığını hiss elətdirir və onları mötərizədə izah vermədən başa düşmək olmur. Öz dilimizi kənar kəlimələrdən qorumaq üçün həmin sözlərin düzgün qarşılığını tapmalıyıq”.