BAKI, 6 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda Cəlilabad Tibb Kollecində nəzəri-praktiki təlim keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə FHN-in cənub bölgəsində fəaliyyət göstərən yerli qurumlarının müvafiq qüvvələri və Tibb Kollecinin kollektivi iştirak edib.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən zəlzələ və yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, su hövzələrində təhlükəsizlik qaydaları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Daha sonra praktiki hissə çərçivəsində FHN-in “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında “zərərçəkmişlərin təhlükəli ərazidən” təxliyə edərək onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları uğurla yerinə yetirilib.