“Ön xəttdə səngərdə 8 döyüşçü idik. Minomyotla səngəri vurdular, 7 döyüş yoldaşım şəhid oldu, mən isə ağır yaralandım. Erməniləri səngərə hücum etmək fikrindən daşındırmaq üçün ağır vəziyyətdə olmağıma baxmayaraq düşmən tərəfə atəş açmağa başladım.”

Bu fikirləri Teleqraf-ın Mərkəzi Aran bürosuna Kəlbəcərin və Suqovuşanın azad olunmasına görə, həmçinin “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş 44 günlük Vətən müharibəsi qazisi Samir Tacızadə deyib.

O bildirib ki, hadisə Ağdərə–Ağuçuq kəndi istiqamətində, “beton post” adlanan ərazidə baş verib:

“Gecə idi. Səngərimiz ən ön mövqedə idi. Onun itirilməsi arxada yerləşən mövqelərimizin də düşmən nəzarətinə keçməsi demək idi. Döyüş yoldaşlarım dəfələrlə səngərdən çıxıb bir neçə metr aralıda mövqe tutmağımı istədi. Bu açıq ölüm təhlükəsi idi. Razılaşdım və sürünə-sürünə səngərin yanındakı açıq mövqeyə keçdim. Təxminən bir dəqiqə yarım sonra ermənilər minomyotla səngəri vurdu. Qəlpələr kürək nahiyəmdən girib boğazımdan çıxdı. Sol qolumu hiss etmirdim. Səngərə geri süründüm, gördüm ki, 7 döyüşçü şəhid olub.”

Samir deyir ki, düşmənin irəliləməsinin qarşısını almaq üçün döyüş mövqeyində varlığını göstərməli olub:

“Səngərdə olduğumu təsdiq etməsəydim, düşmən gəlib məni də orada şəhid edəcəkdi və mövqelərimiz ələ keçiriləcəkdi. Dözülməz ağrıya rəğmən sağ əlimlə avtomatla atəş açmağa başladım. Tək yaralı və 7 şəhid dostumla səngəri qoruduq. Tezliklə arxadan kömək yetişdi.”

O, yaralı halda mövqedən çıxarılandan sonra yaşadıqlarını da danışıb:

“Təcili tibbi yardım maşını mövqeyə çıxa bilmirdi, yol düşmənin hədəfində idi. Meşə ilə gizli şəkildə tibb məntəqəsinə çatdım. Həkimə dedim ki, ağrıya dözə bilmirəm, keyidici vur. Dedi ki, cəmi iki morfinim qalıb. Məndən daha ağır yaralılar olduğunu gördüm və dedim: ‘Eybi yoxdur, mən dözərəm. İynələri onlara vur."

Kəşfiyyatçı-atıcı Samir Tacızadə Zəfər tarixinin ilk könüllülərindən biri olub. General Polad Həşimovun şəhid olmasından sonra könüllü şəkildə müraciət edərək ordu sıralarına qoşulub.

Onun döyüş yolu Kəlbəcərdən başlayıb, Talışkənd–Suqovuşan–Ağdərə istiqamətində davam edib. Ən ağır hadisə Ağdərədə baş verib- 300 nəfərlik şəxsi heyət düşmən mühasirəsinə düşüb. 300 nəfərin çoxu şəhid olub və ya ağır yaralanıb, yalnız 16 nəfər sağ çıxa bilib.

Samir həmin anları belə xatırlayır:

“Yoldaşımız dedi ki, şəhid ola bilərik, amma bura düşməni məhv etməyə gəlmişik. Mühasirədən çıxmaq üçün çaya atıldıq. Əli qırılan, topuğu çıxanlar vardı. Atəş altında qaçırdıq. Fəqan adlı Yevlaxdan olan döyüş yoldaşım yaralı idi. ‘Mən gedə bilməyəcəm, sən get. Sənin iki övladın var’ dedi. Mən onu çiynimə aldım. Silah əlimdə, Fəqan çiynimdə 25 dəqiqəyə mövqeyə çatdıq.”

Samir ilk dəfə mühasirədə olarkən atasına zəng etdiyini deyir:

“Atamı yığdım. Dedim: ata, bu artıq sondu, yəqin şəhid olacam. Tək istəyim budur ki, övladlarımı köməksiz qoyma. Sonra telefonu bağladım.”

Samir Tacızadə sağ-salamat ailəsinə qayıdıb və bu gün ağır döyüş xatirələrinə baxmayaraq, qürurla yaşayır.