BAKI, 21 aprel. TELEQRAF

Bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsində baş vermiş qısa qapanma nəticəsində relsə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

""Bakı Metropoliteni"nin qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisi kəsilib. Bu səbəbdən “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb. Hadisə "Bakı Metropoliteni"n tunelində, aralıq kabeldə baş verdiyindən məhz ehtiyat elektrik enerjisi mənbəyi kimi dizel generatorlardan istifadə edilməsi qeyri-mümkün idi. Texniki hadisə nəticəsin hər hansı hadisə baş verməyib. Bütün stansiyalarda sərnişinlərin hərəkətinin tənzimlənməsi üçün təlimatlar verilib. Texniki araşdırma üzrə işlərə dərhal başlanılıb. Bütün məsələlər xüsusi qaydada araşdırılacaq və bütün versiyalar təhlil ediləcək", - deyə bildirib.

O əlaəv edib ki, hadisə baş verən zaman xətlərdə 30 qatar olub, onlardan cəmi 4 ədədi tuneldə olub. Sərnişinlərin təxliyyəsi normativlərə uyğun olaraq qısa müddətdə həyata keçirilib.

***

15:10

"Bakı Metropoliteni"nin fəaliyyəti bərpa olunub.

Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumata görə, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

“Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”, - deyə qurumdan bildirlib.

***

14:49

"Bakı Metropoliteni"nin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Xatırladaq ki, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlər təxliyə edilib. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

***

13:07

"Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik", - deyə qurumdan bildirilib.

***

12:57

"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

***

12:47

Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir," - deyə qurumdan bildirilib.

***

12:35

"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Teleqraf-a səhmdar cəmiyyətindən bildirilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

"Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.