BAKI, 1 sentyabr. TELEQRAF
Bakıda fiziki zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayan şəxsə yetirilən xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib".
Teleqraf xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, qəyyumluğun ləğv edilməsi və uşağın xəstəxanaya yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür.
“Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı Dövlət Komitəsi tərəfindən dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Hadisə ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Sabunçu Rayon Polis İdarəsi tərəfindən ailəyə səfər həyata keçirilib. Səfər zamanı yuxarıda adı çəkilən ünvanda yalnız yetkinlik yaşına çatmayan uşağın 21 yaşlı qardaşının olduğu, uşağın isə qəyyumu tərəfindən Lənkəran şəhərinə apardığı məlum olub. Hüquq mühafizə orqanları tərəfindən yeniyetmə uşağın ona qarşı zorakılıq törətməkdə şübhəli bilinən qəyyumu ilə birgə dərhal Bakıya gətirilməsi təmin edilib”.
Məlumatda qeyd edilib ki, hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində təhqiqat araşdırması aparılır:
“Bundan əlavə, yetkinlik yaşına çatmayanın xəsarət dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib.
Həmçinin, uşağın vəziyyəti ilə əlaqədar tibb müəssisələrindən birinə yerləşdirilməsi həyata keçiriləcək. Qəyyum şəxs barəsində isə qanuna müvafiq olaraq araşdırma işinə başlanılıb”.
Məlumata görə, uşaq xalası ilə yaşayırmış.