BAKI, 1 may. TELEQRAF
Bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb.
Teleqraf xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, qeydə alınan şəxslərdən 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki vətəndaşlardır:
"Ötən il Xocalıda kütləvi məzarlıqda 18 nəfərə aid insan qalıqları aşkar edilib. 10 nəfərin meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzarlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınıb sənədləşdirilir".