BAKI, 25 aprel. TELEQRAF

Son illər həm sahibsiz itlərin, həm də it dişləmələrinin sayının çoxalması əhali arasında xeyli narahatlıq doğurur. Bakı və bölgələrin mərkəz küçələrində, məktəb, uşaq bağçalarının nəinki ətrafında, həyətində də sahibsiz itlərə tez-tez rast gəlmək mümkündür.

İt dişləmələri siyahıda ilk pillədədir

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə 2024-cü ilin ilk üç ayı ərzində 8740 nəfər heyvan dişləməsinə məruz qalıb. Onlardan 6846 nəfər itlər tərəfindən xəsarət alıb ki, bu da ümumi hadisələrin 78,3%-i təşkil edir.

2025-ci ilin müvafiq dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 548 nəfər artaraq 9288 nəfər olub, bunlardan itlər tərəfindən qeydə alınan dişləmələrin sayı 6938 nəfərdir ki, bu da ümumi hadisələrin 74,5%-ini təşkil edir.

O da bildirilib ki, xəsarət alan insanlar arasında quduzluq və ya digər yoluxucu xəstəliklər qeydə alınmayıb.

Sahibsiz itlərin insanlar üçün təhlükələri nələrdir? Ölkədə onlarla mübarizədə hansı tədbirlər həyata keçirilməlidir? Bu məsələ qanunvericiliyimizdə necə əksini tapır? Problemi həll etmək hazırda hansı qurumun məsuliyyətindədir? Bəs sahibsiz itləri təhlükələrdən necə qorumalıyıq? Onlarla necə davranmalıyıq?

Qanunvericiliyə əsasən sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmçinin qanunla sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilə bilər. Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilə bilərlər.

Bəs Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) zəruri tədbirləri həyata keçirirmi?

BŞİH-dən Teleqraf-a verilən məlumata görə, qurumun hazırda bu işlə məşğul olmaq səlahiyyəti yoxdur.

“Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi var idi, amma 2018-ci ildə həmin qurum ləğv edildi. Artıq bu işdə səlahiyyətli qurum “Toplan” sahibsiz itlərə qayğı mərkəzidir. Odur ki, məsələ ilə biz məşğul olmuruq. Sizi yönləndirə biləcəyimiz başqa qurum da yoxdur”.

Araşdırmamız zamanı müraciət etdiyimiz qurumlar, insanlar bizi “Toplan” sahibsiz itlərə qayğı mərkəzinə yönləndirsə də, sözügedən qurumla əlaqə saxlamaq mümkün olmadı.

Qeyd edək ki, mərkəz 2018-ci ildə Balaxanıda açılıb. Məqsəd sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsinə nail olmaqdır.

Sahibsiz itlərlə bağlı yeni qanun hazırlanmalıdır

Mövzu ilə bağlı Teleqraf-a danışan deputat Naqif Həmzəyev bildirib ki, sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi quduzluq və digər xəstəliklərin yayılması riskini artırıb.

“Son bir ildə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib. Bu rəqəm təhlükəni açıq-aydın göstərir. Heyvanlar mütəmadi peyvənd edilmir və tibbi yardım almır”.

Deputat hesab edir ki, sahibsiz heyvanların təhlükəsizliyini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqlar aradan qaldırılmalı və ya yeni qanun hazırlanmalıdır.

“Hesab edirəm ki, sahibsiz heyvanların problemlərinin həlli üçün kifayət qədər vəsait ayrılmalıdır. Onlar üçün müvəqqəti sığınacaqlar yaradılmalıdır, mütəmadi peyvəndə cəlb olunmalıdır. Mobil klinikalar sözügedən itlərə, heyvanlara tibbi yardım göstərilmək üçün çox faydalıdır. Üstəlik bu cür heyvanların problemləri ilə hansı qurumların məşğul olacağı dəqiqləşdirilməli və onların fəaliyyətləri əlaqələndirilməlidir.

İnsanlar arasında sahibsiz itlərə, heyvanlara düzgün münasibətin təşviq edilməsi üçün maarifləndirmə kampaniyalarının keçirilməsi çox vacibdir. İnsanlara sahibsiz heyvanlarla necə davranmaq və onları qorumaq haqqında məlumat vermək lazımdır”, - deyə deputat vurğulayıb.

Dişləmə travmatik zədə qorxusu yaradır

Həkim infeksionist Vasif Əliyev deyib ki, sahibsiz itlər insan sağlamlığı üçün təhlükəli müəyyən xəstəlikləri öz üzərində daşıyır.

Onun sözlərinə görə, onlar arasında ən təhlükəlisi quduzluqdur, çünki sahibsiz itlərin çoxu quduzluğa qarşı peyvənd edilməyib, profilaktik tədbirlər həyata keçirilməyib.

“Bu baxımdan sahibsiz itlər rahatlıqla quduz virusunu daşıya bilir. Quduzluğa yoluxan bir it insanı dişlədiyi zaman vaxtında müdaxilə edilməzsə, ölümlə nəticələnə bilər. Ona görə də sahibsiz itlərə mütləq nəzarət edilməli, peyvənd olunmalıdır. Ümumiyyətlə, xəstəlik keçirməsələr belə, hər hansı travmatik zərər verməsi belə insan sağlamlığı üçün təhlükəlidir. İnsanlarda xəstəlik, dişləmə travmatik zədə qorxusu yaradır. Vaxtında tədbir görülməli, peyvəndlənməli və ya onların artımının qarşısı alınmalıdır. Sahibsiz itlər xüsusi təhlükəsiz bir zonaya köçürülməlidir”, - infeksionist əlavə edib.

Falçılar sahibsiz itlərin gözünü çıxardıb, cadu edirlər

Heyvansevər aktivist Hicran Məmmədovanın sözlərinə görə, it dişləmələrinin əsas səbəbi insanların onlara sərt rəftarından irəli gəlir.

“Azərbaycanda qeyri-millətlərin də nümayəndələri yaşayır. İndiyə kimi o şəxslərin it dişləməsi, it hücumu ilə bağlı şikayəti ilə rastlaşmamışam. Bunu dərindən düşünmək lazımdır. Küçədə sakit halda uzanan itlərə uşaqlar valideynin yanında daş atırlar. Niyə bununla bağlı uşaqlara tərbiyə verilmir? Niyə məktəblərdə bu barədə maarifləndirmə işləri aparılmır, uşaqlara mərhəmət aşılanmır?!

Kəndlərdə, rayonlarda itlərin, pişiklərin başına oyunlar açırlar. İti diri-diri odun üstünə tutub yandırır, təcavüz edir, bıçaqlayırlar. Falçılar, cadugərlər sahibsiz heyvanları cadu üçün istifadə edirlər. Kiminsə evini yıxmaq, cadu etmək üçün içib ağlı başında olmayan adamlara 5 manat verib deyirlər ki, itin gözünü çıxart mənə gətir. Niyə bununla bağlı tədbir görülmür?

Bilirsinizmi, itlər azaldıqca insanları hansı faciələr gözləyir?! Bakı ilana və siçovula meyilli şəhərdir. İtlər azalan yerlərdə ilanlar da olur, tülkülər də açıq-aydın gəzirlər. Halbuki tülkü quduzluq xəstəliyinin birinci daşıyıcısıdır. İnsanların əksəriyyəti düşünür ki, küçədə gəzən it quduzdur. Quduz it küçəyə çıxa bilməz, gəzə bilməz. Quduzluq xəstəlikdir: ağızdan köpük gəlir, ayaqlar əsir".

Onun sözlərinə görə, küçədəki heyvanlar evdə saxlanılan heyvanlardan daha sağlamdırlar, onların immunitetləri çox güclü olur, nadir hallarda xəstələnirlər.

“Hər kəs heyvan saxlaya bilmir. Bəziləri bunu göstəriş xatirinə edirlər. Onlar heyvanı evdə saxlayır, xəstə olan kimi ona 1 manat xərcləməyə ürəkləri gəlmir və onları küçəyə atırlar. Küçədə gördüyünüz xəstə itlər həmin itlərdir”, - aktivist vurğulayıb.

Bu itlərdən qorxmayın!

IDEA Heyvanlara Qayğı Mərkəzindən Teleqraf-a bildirilib ki, Bakı şəhərində sahibsiz itlərin probleminin həllində bu mərkəz ən fəal rol oynayır.

"Mərkəzin qaynar xəttinə sakinlər tərəfindən daxil olan şikayətlər əsasında mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərir. İşçilər itləri ən humanist üsullarla tutub mərkəzə gətirirlər. Onlar mərkəzin baytarlıq klinikasında həkimlər tərəfindən qısırlaşdırılır, quduzluğa qarşı peyvəndlənir və ilk yaşadığı məntəqəyə buraxılır.

Sakinlərə bildiririk ki, qulağında nömrələnmiş birka olan itlərdən qorxmasınlar. Statistikaya görə, ay ərzində dörd minə qədər it tutulub qısırlaşdırma əməliyyatına cəlb edilir. İllik göstərici isə 40 mindən çoxdur”.