BAKI, 19 may. TELEQRAF
Təxminən 15 meqavatlıq bərpaolunan enerji gücü də şəbəkə sisteminə inteqrasiya ediləcək.
Teleqraf xəbər verir ki, bunu "Azərenerji” ASC-nin İdarə heyətinin sədr müavini Rüstəm Qasımov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Enerji Sistemlərinin Rəqəmsal Arxitekturası" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, mövcud bərpaolunan enerji güclərinin 1 500 meqavat həcmində şəbəkəyə inteqrasiyasına başlanılması planlaşdırılır:
"Bu ilin may ayında 200 meqavat gücündə 2B5 enerji saxlama sistemini istifadəyə verdik. Bu baxımdan, bərpaolunan enerji sahəsində regionda artıq mühüm işlər görülüb.
Elektrik enerjisinə tələbatın və bərpaolunan enerji mənbələrinin artması ilə bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".
O əlavə edib ki, növbəti beş ildə regionda elektrik enerjisinə tələbatın təxminən 4 qiqavat artacağı gözlənilir:
"Əlbəttə ki, bunun qarşılanması üçün ciddi addımlar atılmalıdır. Ənənəvi enerji mənbələri ilə bərpaolunan enerji mənbələrini birləşdirmək lazımdır. Bunu isə yalnız düzgün rəqəmsal infrastruktur və kommunikasiya platforması vasitəsilə idarə etmək mümkündür.
Dünyada ən son modellərdən biri olan və bazarda yüksək qiymətləndirilən proqram təminatı yaxın zamanda yenilənib. Bu sistem yalnız Azərbaycanın enerji şəbəkəsinin idarə olunması və monitorinqi üçün deyil, eyni zamanda modelləşdirmə və rəqəmsal analiz baxımından da tam həll təqdim edir".
O bildirib ki, "Azərenerji" olaraq elektrik enerjisinin istehsalı və ötürülməsinə cavabdehik:
"Həmkarım isə burada paylanma sahəsinə məsuliyyət daşıyır, lakin bu, həmin dayanıqlı inkişafı idarə etmək üçün mürəkkəb həllər tələb edən böyük bir işdir. Prezident İlham Əliyevin rəhbərliyi altında 2030 və 2031-ci illər üzrə inkişaf planımızın və enerji tələbatının artımının bəzi bəndləri qeyd olunub.
Hazırda "Azərenerji" və Azərbaycanın enerji infrastrukturu enerji istehsalı baxımından kifayət qədər əlverişli vəziyyətdədir. Bununla belə, bu cədvələ nəzər salsaq, 2030-cu ilə qədər real enerji çatışmazlığı ilə üzləşəcəyimizi görərik.
Bu isə indidən ciddi tədbirlərin görülməsini və işlərin başlanılmasını tələb edir. Azərbaycanın yeni rəqəmsal infrastrukturu Süni İntellekt (Sİ) perspektivi və Sİ-nin inkişafı baxımından çox böyük güc tələb edir. Beləliklə, Sİ-nin inkişafı üçün əsas şərt etibarlı və dayanıqlı enerjidir. Əgər indiki vəziyyətdə qalsaq, 2031-ci ilə qədər bütün istehlakçıların təminatında enerji kəsiri ilə qarşılaşa bilərik. Bu səbəbdən, biz hazırda enerji istehsalını artırmağı planlaşdırırıq və hökumətin inkişaf planına 525 meqavatlıq qaz turbinli elektrik stansiyası daxil edilib”.