BAKI, 28 mart. TELEQRAF

Tovuzda anası tərəfindən günlərlə ac-susuz və tənha qoyulan körpə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasından Ə.Qarayev adına 2 nömrəli Uşaq Klinik Xəstəxanasına köçürülüb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, körpənin vəziyyəti ağırdır və heç bir dəyişiklik yoxdur.

“Dünən xəstəxanada oldum, uşağın vəziyyəti ilə bağlı baş həkimlə və reanimasiya şöbəsinin müdiri ilə danışdım. Uşağın vəziyyəti ağır olaraq qalır. O, 2-3 gün ac-susuz qalmaqdan o vəziyyətə gəlməyib. Pis qidalanma uzun müddət davam edib. Bu səbəbdən uşaq olduqca zəifdir və bu da onun orqanlarının fəaliyyətinə təsir edib. Bədənində kifayət qədər vitamin çatışmazlığı var. Tibb müəssisələri tərəfindən hər bir müalicə aparılır. Amma bu gün mənə bildirdilər ki, uşağın vəziyyəti ağır olduğundan və heç bir dəyişiklik olmadığından uşaq Qarayev xəstəxanasına köçürülüb”, - deyə o əlavə edib.

K. Ağazadə uşağın anasının əqli qüsuru olduğunu bildirib:

“Məndə olan məlumata görə, ananın atasında əqli qüsur, psixi problemlər olub və ananın özündə də qüsur olub. Buna görə də ananın bu davranışları var. Bunu mənə onu tanıyan insanlar bildiriblər.

Ananın əlavə 2 uşağı da var və onlardan birində əqli qüsur var. O uşaqlar isə ananın ata tərəfinin qohumlarının yanında qalırlar. Bildiyim qədəri ilə, Göygöl İcra Hakimiyyəti onlara nəzarət edir. Bayram günləri bitdikdən sonra mən bununla bağlı ətraflı maraqlanacam”.