BAKI, 6 mart. TELEQRAF

Ramazan ayının başlaması Bakı şəhərində yerləşən mərasim zallarının iş qrafikinin dəyişməsinə səbəb olub. Hazırda əksər zallar gündüz saatlarında bağlı olur. Mərasim evlərində yalnız iftar vaxtı ehsan vermək mümkündür.

Sözügedən iddianı dəqiqləşdirmək üçün bir neçə mərasim zalı ilə əlaqə saxladıq.

Təzəpir məscidinin imamı Şamil Rəsulov Teleqraf-a açıqlamasında Ramazan ayı ilə əlaqədar mərasim evlərinin fəaliyyət göstərmədiyini bildirib:

"Yas mərasimlərində adətən, ehsanlar verilir. Bu da Allah yolundadır. Ramazan da yaradanın ayı olduğu üçün imsaq və iftar vaxtı xaric, qidalanmaq bəyənilməyən əməldir. Kimsə oruc tutmaya bilər. Düzdür, rayon yerlərində çadırlar qurulur, qonaqlar qəbul edilir, ancaq bizim məsciddə mərasimlər yalnız iftardan sonra ola bilər".

Fatimeyi-Zəhra məscidindən isə bildirilib ki, yas mərasimləri iftardan sonra keçirilməlidir:

"Biz düşünürük ki, Ramazan ayında yas mərasimləri və ehsan süfrələri iftardan sonra təşkil olunmalıdır".

Heydər məscidində də hazırda yas mərasimləri keçirilmir.

Məsciddən bildiriblər ki, yas sahibi oruc tutursa, çox vaxt Heydər məscidinə müraciət etmir: "Düzdür, bu ay ərzində müraciət edən olmayıb. Ancaq hər hansı məhdudiyyət də yoxdur. Bizim məsciddə yas mərasimləri keçirə bilərlər. Amma bizdə iftardan sonra mərasimlər olmur".

Məsələ ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) də mövqeyini öyrəndik. QMİ-nin sədr müavini Fuad Nurullayev qeyd edib ki, Ramazan ayında iftardan əvvəl ehsan süfrələrinin açılması bəyənilmir:

"Ümumiyyətlə, Ramazanda hava açılandan axşam düşənə qədər yeyib-içmək qadağandır. Düzdür, müəyyən şəxslər var ki, onlar üçün bu icazəlidir. Ona görə də gündüz vaxtı ehsan süfrələrinin açılması günahdır. Axı oruc insanların qarşısında necə yeyib-içmək olar? Ramazan ayında şəxs yas mərasimi keçirmək və ehsan vermək istəyirsə, bunu iftardan sonra etməsi məqsədəuyğundur. QMİ-nin Qazilər Şurasının Ramazan ayının başlanması ilə bağlı fətvasında qeyd olunub ki, gündüz açılan süfrələri ehsan hesab etmək olmaz. Bir daha xatırlatmaq istəyirəm ki, ehsan süfrələri yalnız iftardan sonra olmalıdır".