BAKI, 6 mart. TELEQRAF

Son dövrlərdə sosial şəbəkə səhifələrində azyaşlı qız uşağının anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı yayılan video-görüntü əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qurumlarla birgə əməkdaşlıq çərçivəsində uşağın hüquqlarının müdafiəsi və mənafeyinin qorunması məqsədilə təcili təxirəsalınmaz tədbirlər həyata keçirib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar araşdırma işinə başlanılıb və azyaşlının anası tərəfindən fiziki zorakılığa məruz qalması sübuta yetirilib.

"Uşaq valideyndən alınaraq, paytaxtda fəaliyyət göstərən uşaq sığınacaqlarından birinə yerləşdirilib. Hazırda həmin müəssisə tərəfindən azyaşlıya sosial-psixoloji reabilitasiya xidməti göstərilir.

Bundan əlavə, uşağın anası tərəfindən törədilən əmələ hüquqi qiymətin verilməsi ilə bağlı aparılan araşdırmanın nəticələrinə müvafiq olaraq ananın valideynlik hüquqlarının məhdudlaşdırılması məsələsinə baxılacaq", - deyə məlumatda qeyd edilib.