
BAKI, 4 mart. TELEQRAF
Bir çox ölkələrdə beyin ölümü keçirən şəxslərdən, yəni meyit-donordan orqanların transplantasiya edilməsi uzun illərdir ki, uğurla həyata keçirilir. İldən-ilə bu təcrübədən istifadə edən ölkələrin sayı artsa da, Azərbaycanda ilk dəfə meyit-donordan orqan transplantasiyası bu il baş tutub. Bu tibbi prosedurun ölkəmizdə belə gec tətbiqinin səbəbləri arasında dini amil də rol oynayıb. Əslində isə bütün dinlərdə insan həyatının müqəddəsliyi əsas dəyərlərdəndir. Mərhəmət, şəfqət, həmrəylik və yardımlaşma kimi humanist mahiyyət daşıyan islamda insanların xilas yolu mənfi qarşılana bilməz.
Millət Məclisin deputatı Ceyhun Məmmədov Teleqraf-a məsələ ilə bağlı fikrini açıqlayıb:
“İslama görə, zərurət yarandıqda belə hallar qəbulediləndir. Əgər mərhumun ailə üzvləri icazə verərsə, meyit donorluğunda problem olmamalıdır. Düşünürəm, bu önəmli qərardır. İslam dini bu kimi məsələlərdə həmişə öz dəstəyini ifadə edir və ədalətli mövqeyini ortaya qoyur. İnsan sağlamlığı hər şeydən önəmlidir və dinimiz insan sağlamlığına xüsusi önəm verir. Dinimizin bu məsələyə müsbət münasibətini nəzərə alaraq, onu düzgün formada həyata keçirməyə çalışmalıyıq”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev də hesab edir ki, dünyasını dəyişən insanın sağlam orqanlarını ehtiyacı olan birinə köçürmək olar:
“Yaxşı olar ki, can sahibindən ölməmişdən öncə icazə və halallıq alınsın. Hər insan öləcəyini öncədən bilmir. Elə xəstələr var, həkim ona 3-6 ay yaşayacağı diaqnozunu qoyur. Belə halda bəzi insanlar özləri orqan donoru olmağa razılaşırlar və həkimlər onu diqqətdə saxlayırlar. Əgər şəxs sağlığında özü halallıq verərsə, ya da onun vərəsələri buna etiraz etməzlərsə, islamda orqan donorluğu birmənalı qarşılanır. Bir insanın başqasına həyat verməsində böyük dəyər var. Çünki müqəddəs Quranda buyurulur ki, bir insanı yaşatmaq, ona həyat vermək, bütün bəşəriyyəti yaşatmaqdır, bütün bəşəriyyətə həyat verməkdir. Bir insanı səbəbsiz yerə öldürmək bütün bəşəriyyəti öldürməkdir. İslam dini orqanları satmağa icazə vermir. Dünyada gizli şəkildə orqan satışı ilə məşğul olanlar var, bu cinayətdir”.
Fuad Nurullayev şəriətə görə, ölmüş insanın bütün əzaları ilə dəfn olunması fikrinə və qiyamət günü əzaların ona şahid duracağı haqda ayələrə də münasibət bildirib: “Dində insanın bütün əzaları ilə dəfn olunması ilə bağlı hökm yoxdur. Bəli, insan Allah qarşısında cavab verəcək, amma burada əzalar dedikdə onun ürəyi, ciyəri, böyrəyi kimi orqanlar nəzərdə tutulmur. İslam dinində “insan əzaları dilə gələcək və şəhadət verəcək” anlayışı geniş məna daşıyır. Mütləq deyil ki, donor olanın yalnız daxili orqanları kiməsə köçürülsün. Elə hal ola bilər ki, insanın əli, ayağı da başqasına transplantasiya edilə. Onda ölən insanın bu əzası yeni sahibinə bir əmanətdir və o şəxs düzgün işlər görməlidir.
Məsələn, bir əl sonradan başqasına köçürülübsə, həmin əllə haram iş görmək olmaz. Qiyamət günü o əlin hər iki sahibində ayrı-ayrılıqda hansı işlər gördüyü bilinəcək. İnsanın əli, ayağı hansısa səbəbdən kəsilməli olarsa, öldükdən sonra qiyamət günündə o hissələr hamısı bərpa olunacaq. Bu məsələnin xırdalıqlarına getməyə ehtiyac yoxdur, din də ehtiyac duymur. İslam dini məntiqə, elmə böyük dəyər verir və bir insana həyat vermək, yaşatmaq və onu bəladan qurtarmaq bəyənilir.
Eynilə dinimizdə səbəbsiz yerə qəbir açmaq da qadağandır. Amma cinayət işlərinin şərtləri tələb etdikdə və digər zəruri hallarda buna icazə verilir. Meyit-donorun orqan transplantasiyasına da izin var”.