BAKI, 4 mart. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün təxmini 1200-1300 kvota ayırıb.

Bu barədə Teleqraf-a açıqlamasında QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, hələ ki kvotanın tam sayı təyin olunmayıb, amma müraciət edən vətəndaş sayına əsasən, kvotanın təxmini 70-75 faizi dolub.

"Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik ki, gecikməsinlər, yerlər məhduddur. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək”, - deyə V.Cahangiri qeyd edib.

O bildirib ki, ziyarətə gedənlərin sənədlərinin qəbulu yanvarın 21-dən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Xatırladaq ki, ötən il Həcc ziyarət üzrə Azərbaycandan ilkin kvota üçün 2000-dən çox yer nəzərdə tutulsa da, 1500 kvota yeri ayrılmışdı.