BAKI, 8 avqust. TELEQRAF
"Atlas Medical Center" sosial mediada yayılan şikayətlərə münasibət bildirib.
Sosial mediada Turanə Nəsibovanın tibbi təhsili olmadığı halda həmin klinikada onkoginekoloq kimi fəaliyyət göstərdiyi, xəstə qəbul edib, müalicə təyin etdiyi barədə şikayətlər yayılıb. Mövzu ilə bağlı adıçəkilən klinika ilə əlaqə saxladıq.
"Bizim işçimiz deyil"
Klinikadan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Turanə Nəsibova "Atlas Medical Center"-in işçisi deyil:
"Onkoginekoloq olduğu iddia edilən Turanə Nəsibova bizim işçimiz deyil. Bu xanım fevral ayında iş üçün bizə müraciət etsə də, sənədləri olmadığı ortaya çıxdı və işə qəbul edilmədi".
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ilə əlaqə saxladıq.
Nazirliyin "Tibb kadrlarının vahid reyestri"ndə o adlı həkim yoxdur
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, faktla əlaqədar bir müddət əvvəl araşdırma aparılıb, mediada həmin xanımın işlədiyi iddia edilən klinikanın rəhbərliyindən izahat alınıb:
"Klinika rəhbəri izahatında Nəsibova Turanə adlı şəxsin klinikaya işə düzəlmək məqsədi ilə müraciət etdiyini, lakin işə qəbul üçün sənədlərinin (reyestr kodu, diplom, sertifikat) olmadığı üçün işə qəbul edilmədiyini qeyd edib.
Azərbaycanda praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"nə daxil edilir. Həmin şəxslə bağlı sözügedən reyestrdə məlumat mövcud deyil.
Fakt təsdiqini taparsa, klinika barəsində protokol tərtib ediləcək
Qeyd edirik ki, adıçəkilən şəxslə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) bu günə qədər heç bir rəsmi şikayət daxil olmayıb. Əgər vətəndaşlar tərəfindən təsdiqedici sənədlərlə birgə rəsmi şikayət daxil olarsa, AEM-in işçi qrupu tərəfindən məsələ araşdırıla, Turanə Nəsibovanın tibbi xidmət göstərdiyi ünvanda plandankənar yoxlama açılması barədə qərar qəbul edilə bilər. Yoxlama zamanı fakt öz təsdiqini taparsa, klinika barəsində protokol tərtib edilərək, icraat üçün aidiyyatı quruma göndəriləcək.
Bundan əlavə, adı Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"ndə olmayan, lakin tibbi xidmət göstərən şəxslərlə əlaqədar, vətəndaşın özünün də hüquq-mühafizə orqanlarına şikayət etmək hüququ var", - məlumatda bildirilib.