BAKI, 8 iyul. TELEQRAF

Səhiyyə naziri Teymur Musayev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun yeni təyin edilmiş rektoru Nazim Pənahovu institutun kollektivinə təqdim edib.

Səhiyyə Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, tədbirdə çıxış edən nazir dövlət başçısının imzaladığı sərəncamı diqqətə çatdıraraq, Nazim Pənahovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, N.Pənahov müxtəlif məsul vəzifələrdə çalışıb, o cümlədən bu təyinatadək Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru olub.

Teymur Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində uğurla həyata keçirilən islahatlardan danışaraq, bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrasında yeni rektora və institutun kollektivinə uğurlar arzulayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci il 7 iyul tarixli Sərəncamına əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.