BAKI, 2 iyun, TELEQRAF
Ağstafa Rayon Mərkəzi Xəstəxanasında hazırda optimallaşdırma işləri aparılır. Optimallaşdırma çərçivəsində hər hansı ixtisar və ləğvetmə nəzərdə tutulmur.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının nəzdində uşaq xəstəxanası mövcud deyil. Tibb müəssisəsində müvafiq şöbə fəaliyyət göstərir. TƏBİB tərəfindən mütəmadi olaraq bölgələrdə xidmətin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində işlər davam etdirilir. Ağstafa Rayon Mərkəzi Xəstəxanasında hazırda optimallaşdırma işləri aparılır.
"Optimallaşdırma mövcud tələbə uyğun olaraq, xidmət çeşidinin artırılmasını, tibbi avadanlıqların və infrastrukturun xəstə axınına və funksionallığa görə təhlil edilib dəyişdirilməsini, dərman, sarğı, və ləvazimat ehtiyatlarının real istifadəyə əsaslanaraq planlanmasını, stasionar şöbələrdə boş çarpayıların idarə olunmasını, planlı və təcili xəstə qəbulu balansının qurulmasını, E-təbib və digər elektron modullar vasitəsilə kağız daşıyıcılardan istifadənin azaldılması və səhvlərin minimuma endirilməsini əhatə edir. Məqsəd vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etmək, tibbi xidmətin keyfiyyətini yüksəltmək və regionlarda tibbi xidmət imkanlarının genişləndirilməsidir", - məlumatda deyilib.
Qeyd edək ki, sosial mediada Ağstafa rayon Mərkəzi Xəstəxanasının bəzi şöbələrinin ləğv edildiyi haqqında xəbərlər yayılmışdı.