2021/2022-ci tədris ili üzrə Təhsil Tələbə Krediti üzrə 5678 nəfər müraciət edib. Onlar arasından 3590 müraciət yekunlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bunu 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat haqqında keçirilən tədbirdə Təhsil Tələbə Krediti (TTK) Fondunun rəhbəri Araz Paşayev deyib.
Onun sözlərinə görə, yekunlaşdırılmamamış 2088 müraciətin 627 nəfərini tələbə olmayan, kredit almaq hüququ olmayan, 1461 nəfərini isə tələbə sisteminə daxil olub, lakin heç bir əməliyyat aparmayan şəxslər təşkil edir: "Ümumilikdə sosial TTK üzrə 1116, standart TTK üzrə 1783 müraciət rəsmiləşib. 691 müraciətdən isə imtina olunub.
İqtisadi rayonlar üzrə Bakı 663, Abşeron-Xızı 131, Mərkəzi Aran regionu 177, Şirvan-Salyan üzrə 127, Lənkəran-Astara 362, Mil-Muğan 195, Qarabağ 231, Naxçıvan 89, Şərqi-Zəngəzur 36, Qazax-Tovuz 193, Gəncə-Daşkəsən 180, Şəki-Zaqatala 165, Dağlıq-Şirvan 144, Quba-Xaçmazdan 206 nəfər TTK üçün müraciət edib.
Müraciət edənlər arasında ali təhsil bazasından 2485 nəfər bakalavr, 363 nəfər magistratura pilləsi üzrə təhsil alır. Orta ixtisas təhsili bazasından isə 53 nəfər müraciət edib. Müraciətçilərin 1603 nəfəri qadın, 1296 nəfəri isə kişidir".