BAKI, 17 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında münasibətlər son dərəcə gərginləşib və tərəflər arasında siyasi əlaqələrin qırılması ehtimalı artıb.

Teleqraf xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” (NYT) qəzeti yazıb.

Nəşrin qiymətləndirməsinə görə, Tramp uzun müddətdir Zelenskiyə mənfi münasibətini gizlətmir. Ukrayna lideri indiyədək Vaşinqtonun müəyyən dəstəyini qoruyub saxlaya bilsə də, hazırda münasibətlərin tamamilə pozulması real görünür.

Qəzet qeyd edir ki, noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri ərəfəsində iki lider arasındakı gərginlik daha da dərinləşib.

NYT-nin fikrincə, Ukrayna üçün ən ağır ssenari ABŞ-nin bütün hərbi yardımı dayandırması ola bilər. Belə ki, Kiyev Amerikanın təqdim etdiyi kəşfiyyat məlumatlarından və “Starshield” peyk rabitə sistemindən ciddi şəkildə asılıdır.

“The Wall Street Journal”ın (WSJ) məlumatına görə, Tramp və Zelenski arasında münasibətlər sentyabrda BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdən sonra pisləşməyə başlayıb.

Həmin görüşdə Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələrlə bağlı Zelenskidən izahat tələb edib.

WSJ yazır ki, görüşdən sonra Vaşinqton Kiyevdən altı dəfə bu hücumları dayandırmağı istəyib. Lakin Trampın Zelenskiyə münasibəti getdikcə daha da sərtləşib.

Oktyabrın 10-da ABŞ Prezidenti Ukraynada seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Zelenskinin Rusiya ilə münaqişəyə dəfələrlə son qoymaq imkanı olduğunu, lakin bundan istifadə etmədiyini iddia edib.

Zelenski isə seçki keçirməkdən imtina edərək Ukraynanın ABŞ simasında mühüm tərəfdaşını itirmək təhlükəsi ilə üzləşdiyini bildirib.

WSJ-nin qiymətləndirməsinə əsasən, Trampın son açıqlamaları iki lider arasındakı münasibətlərin ötən ilin qışından bəri ən aşağı səviyyəyə düşdüyünü göstərir.