İlk növbədə qeyd edim ki, gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də dərsliklərin və tədris vəsaitlərinin keyfiyyətindən asılıdır. Bu baxımdan məktəbli kitabçalarının da önəmini vurğulamaq lazımdır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov deyib.
O hesab edir ki, Azərbaycan orta və ümumtəhsil məktəblərində məktəbli kitabçaları ümumiyyətlə istifadə olunmamalıdır:
“Bu, elektron xidmətlərlə həyata keçirilməlidir. Bu gün Azərbaycanda demək olar ki, bütün vətəndaşların mobil telefonları, kompüterləri var. Artıq elektron jurnallardan istifadə olunur. Şagirdlərin istər dərsə davamiyyəti, istərsə də dərsə cavab verməsi elektron lövhədə qeyd olunmalı və avtomatik olaraq valideynin mobil telefonuna və yaxud elekton poçtuna digər qaynaqlarla birbaşa çatdırılmalıdır”.

Təhsil ekspertinin sözlərinə görə, mart ayında pandemiya səbəbi ilə dərslər dayanandan sonra dərsliklər istisna olmaqla, çox ciddi vizual – elektron resurs çatışmazlığı müşahidə olunmağa başladı:
“Baxmayaraq ki, Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə, 256 elektron vəsait mövcuddur. Bu resurslar yalnız kağız dərsliklərin elektron variantıdır. Düzdür, bu portaldakı dərsliklərə ümumilikdə 55 mövzu ilə əlaqəli, yüksək keyfiyyətli, animasiyalı video dərs, mövzulara uyğun 176 video material, 594 şəkil, 302 səsli və 163 digər növ materiallar yerləşdirilib. Amma bütün mövzuları əhatə etmir.
XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Kompüter və elektron texnologiyaları həyatımızın böyük bir hissəsini təşkil edir. Müəllimlərimiz müasir dövrün bu ən mükəmməl texnologiyalarının tədrisdə tətbiqi istiqamətində yaradıcı axtarışlar aparmaqda və ortaya maraqlı fəaliyyət nümunələri qoymaqdadırlar”.
Kamran Əsədovun fikrincə, müasir təlim prosesi şagirdə yönəlmiş prosesdir və bu proses şagirdlərdə informasiya mübadiləsi və fikir yürütmək bacarığı formalaşdırır:
“Şagird müxtəlif mənbələrdəki elektron resurslara istinad etməklə müstəqil məlumat əldə edir. Tədqiqat aparmaq, ünsiyyət qurmaq və yeni informasiya əldə etmək üçün isə müasir texnologiyaların imkanlarından istifadə etmək lazım gəlir. Bundan əlavə şagirdlərin maraq dairəsini nəzərə alsaq şahidi olarıq ki, İKT-dən istifadə onların diqqətini cəlb edən bir sahədir. Eyni zamanda müəllim də İKT-dən istifadə etməklə şagirdlərdə həvəs və maraq yarada bilər. Təbii ki, bu da müəllimin yaradıcılıq qabiliyyətindən asılıdır.
Amma qeyd olunan resurslar bizim 1.6 milyon şagirdimiz üçün əlçatan deyil. Hesab edirəm ki, onlayn dərslərə tam şəkildə keçməmişdən öncə elektron resurslar tam şəkildə hazırlanmalıdır”.