BAKI, 24 iyul. TELEQRAF
"Azərbaycanın bütün sərvətləri insan kapitalına yönəldiyi kimi bu layihə də həmin hədəflərə istiqamətlənib. Bizim həfəfimiz insanların hər birinin - qadın, kişi və uşaqların qorunmasına nail olmaqdır”.
Teleqraf xəbər verir ki, bunu “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, İKT sahəsində bir çox layihələr icra olunub:
“Azərbaycanın iqtisadi-siyasi, sosial həyatında bütün vətəndaşların rolu var. Komitə olaraq dəyərlərimizin qorunmasına çalışırıq. Uşaq və gənclərin inkişafı üçün birgə layihələr həyata keçiririk. Azərbaycanda qadınlar İKT sahəsində 30 faiz yerə malikdir. Onların 15 faiz bunu əməyə çevirə bilirlər. Bu rəqəmlər bizə belə layihələrin icra edilməsini zəruri edir. Əsas məqsəd informasiya texnologiyalarına universal çıxış təmin etmək, o cümlədən qadınlar arasında rəqəmsal bərabərsizliyi aradan qaldırmaqdır. Bu il təqdim edilən layihələrin səviyyəsi bizi olduqca sevindirdi. Qısa müddətdə - cəmi 17 gün ərzində çoxsaylı müraciət daxil oldu və onlardan 46 layihə münsiflər heyətinin səsverməsinə təqdim edildi".
B.Muradovanın sözlərinə görə, layihələr yalnız ideya baxımından deyil, texniki əsaslandırma və tətbiq imkanları baxımından da yüksək qiymətləndirilib: "Bu, qadınlarımızın texnologiya sahəsində nə qədər yaradıcı, təşəbbüskar və məqsədyönlü olduğunu bir daha sübut edir. Komitə olaraq biz bu istiqamətdə təkcə qadınları deyil, uşaqları da əhatə edən təşəbbüslərlə çıxış edirik. Xüsusilə "İTi Zəka" hakatonları vasitəsilə uşaqların texnologiyaya marağını stimullaşdırır, onların yaradıcı düşüncəsini dəstəkləyir. Mənə görə bu gün burada olan hər bir iştirakçı, xüsusən finalçılar artıq qalibdir. Onlar öz təşəbbüsləri, əzmləri və texnoloji düşüncələri ilə cəmiyyətimizə və gələcək nəsillərə mühüm mesaj verirlər. Qadınlar bu yöndə də maraqlı ideya sahibi olmaqla yanaşı, texnoloji yeniliklərin yaradıcıları və aparıcı qüvvəsidirlər".