BAKI, 13 oktyabr. TELEQRAF
Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu qədim sənət nümunəsinin beynəlxalq miqyasda tanıdılması və təbliği baxımından mühüm mərhələ olub. Bu qərar kəlağayının daha geniş miqyasda tanınmasına şərait yaradıb.
Bunu Teleqraf-a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova deyib:
"Artıq kəlağayıları təkcə azərbaycanlı qadınlarımız deyil, ölkəmizə səfər edən xarici qonaqlar da alaraq özləri ilə aparırlar. Ümid edirik ki, gələcəkdə bu qədim sənət daha da inkişaf edəcək, kəlağayının təbliği genişlənəcək".
G.Abdulova vurğulayıb ki, hicab taxan qadınlarımız kəlağayıdan istifadə etsinlər: "Mən dəfələrlə hicab taxan xanımlara kəlağayı örtməyi tövsiyə etmişəm. Hesab edirəm ki, kəlağayı həm estetik baxımdan gözəldir, həm də milli kimliyimizi qoruyan dəyərli geyim nümunəsidir. İpəkdən hazırlanan kəlağayı yüngül, hava keçirən və istifadəsi rahat olan ənənəvi baş örtüyüdür. Təbii ipək liflərinin xüsusiyyətləri onu komfortlu edir və antibakterial xüsusiyyətlərə malik olmasına imkan verir. Hicabların çoxu isə sintetik parçalardan hazırlanır".
Dosent deyib ki, kəlağayının tarixi qədimdir: "XVIII əsrdən etibarən kəlağayının baş örtüyü kimi istifadəsi daha geniş yayılıb. Əvvəllər kəlağayı əsasən digər örtüklərin, örpək və geyimlərin altında istifadə edilirdi. Sonralar üzərinə müxtəlif naxışlar vurulduqca, bədii tərtibatı zənginləşdikcə müstəqil baş örtüyü kimi də geniş yayılmağa başlayıb.
Milli geyimlərimizin tarixi və xüsusiyyətləri barədə məlumat əldə etmək üçün mühüm mənbələrdən biri də aşıq yaradıcılığıdır. Aşıq ədəbiyyatının XVI-XVII əsrlərə aid nümunələrində kəlağayıya geniş şəkildə rast gəlinmir. XVIII əsrdən etibarən isə kəlağayının istifadəsinə daha çox təsadüf olunur. Bu ənənə Molla Pənah Vaqifin yaradıcılığında da öz əksini tapır. XIX əsrdə kəlağayının istifadəsi daha da genişlənir. Tarixi mənbələrdən də məlum olduğu kimi, Azərbaycan qadınları müxtəlif milli geyimlərdən istifadə ediblər. Bu gün həmin geyimləri təqdim edərkən rənglərin ahənginə, parçaların bir-birinə uyğunluğuna və ümumi görünüşün estetik bütövlüyünə diqqət yetirmək vacibdir. Milli geyim elementlərinin düzgün uyğunlaşdırılması onların gözəlliyini daha aydın nümayiş etdirir".
Gülzadə Abdulova bildirib ki, kəlağayının müxtəlif örtülmə və bağlanma üsulları mövcuddur: "Hər bir qadın özünə yaraşan formanı seçə bilər. Bu üsullardan biri “qızbaşı” adlanır və əsasən gənc qızlar tərəfindən istifadə olunub. Kəlağayı gündəlik işlər görülərkən də müxtəlif formalarda bağlanıb. Bəzi qadınlar onun uclarını boyun və ya başın arxa hissəsində bağlayıb, digərləri isə uclarını sərbəst şəkildə aşağı salıblar.
Kəlağayının sürüşkən ipək parçadan hazırlanması səbəbindən sərbəst bağlama üsulu bəzən narahatlıq yarada bilər. Ucların arxaya atılması da ənənəvi bağlama formalarından biridir. Hər bir üsulun özünəməxsus estetik xüsusiyyəti var və nəticə, əsasən, kəlağayının necə və nə dərəcədə səliqəli bağlanmasından asılıdır".
Tarix üzrə fəlsəfə doktoru vurğulayıb ki, Azərbaycanın müxtəlif bölgələrində qadınların geyim və örtünmə ənənələri fərqlənib: "Bəzi şəhər və bölgələrdə qadınlar başlarını və üzlərini örtsələr də, digər ərazilərdə üzüaçıq gəziblər. Məsələn, XIX əsrdə Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri olan Şuşada qadınlar üzüaçıq gəzə biliblər.
Məsələn, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Qəmər bəyim Şeyda və digər tanınmış qadınlar ədəbi məclislərdə iştirak edir, şeir söyləyir, müzakirələrə qatılırdılar. Məclisi-Üns kimi ədəbi toplantılarda qadınların iştirakı onların dövrün ictimai-mədəni həyatındakı rolunu göstərirdi.
Xurşidbanu Natəvan örpəyin altından kəlağayı istifadə edib. Ümumiyyətlə, zadəgan nəslinə mənsub qadınların geyimində örpəkdən geniş istifadə olunub və kəlağayı isə örpəyin altından bağlanaraq milli geyimin ayrılmaz tərkib hissəsi kimi istifadə olunub".