BAKI, 31 avqust. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, Ermənistanın Baş naziri Nikol Paşinyanın konstitusiyanı dəyişdirməyi təxirə salması ilə bağlı iddialar səslənir. İndiki halda ölkədə daxilində mövcud siyasi gərginlik konstitusiyanın dəyişdirilməsi məsələsini yubada bilərmi?
- Əslində Paşinyanın atdığı son addımlar Ermənistan konstitusiyasındakı dəyişiklikləri sürətləndirə bilər. Dəyişikliklərin əleyhinə çıxan isə radikal müxalifətin liderləri və kilsədir. Paşinyan isə hazırda hər iki qüvvəni neytrallaşdırmaqla məşğuldur. Radikal müxalifətin liderləri həbs edilib, kilsə ilə mübarizə davam edir. Bunlar Paşinyanın qarşısında olan birinci hədəfdir ki, o Rusiyanın əlaltısı olan qüvvələri beləliklə neytrallaşdırmağa çalışır. Onun digər hədəfi isə konstitusiya dəyişikliyinə olan əngəlləri ortadan qaldırmaqdan ibarətdir. Ona görə də bu il, ya da gələn il Paşinyan Ermənistanda konstitusiya dəyişikliyinə nail olacaq. Başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırsa, bu Ermənistan üçün faydalı olacaq. Çünki Rusiya Ermənistana qarşı təzyiqi getdikcə artırır. Düşünür ki, Moskvanın təzyiqlərindən qorunmağın yeganə yolu budur.

- Ermənistan parlamentində 41 mandata sahib olan müxalifətin konstitusiya layihəsinə veto qoymaq imkanları varmı? Bu baş verərsə, Paşinyanın əlindəki ikinci plan nədən ibarətdir?
- Paşinyanın parlamentdəki son çıxışları da göstərdi ki, o faktiki olaraq müxalifətlə hesablaşmır. Referendum məsələsi parlamentdə alınmasa, bunun alternativ yolları da var. 300 min vətəndaşın imzası ilə referenduma getmək də mümkündür. Vacib deyil ki, bu mütləq parlament səviyyəsində həll edilsin və s. Paşinyan kimlərisə, öz tərəfinə çəkə bilər. Yəni, istəyirsə buna edəcək. Ona görə də baş nazirə parlamentdəki müxalif deputatlar və digər radikal kəsim maneə kimi görünmür.
- Azərbaycanla Ermənistan arasında anklavların həlli ilə bağlı fərqli yanaşmalar səslənir. Sovet dövrünə aid mexanizm alınmasa, ərazi mübadiləsi kimi şərtlərin irəli sürüləcəyi bildirilir. Optimal variant nədən ibarətdir?
- Əslində bu müzakirə predmetidir. Azərbaycana məxsus Qazax rayonunun 3, Naxçıvanın bir kəndinin təhvil verilməsi ilə bağlı mübahisə yoxdur. Paşinyan da deyir ki, bu kəndlər Ermənistana aid deyil. Bununla bağlı erməni tərəfinin də tələbləri var. Amma iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı formalaşmış komissiyanın rəyi əsasında ortaq məxrəcə gəlmək mümkündür. Sərhədin dəqiqləşdirilməsi uzun çəksə belə, hesab edirəm ki, anklavların məsələsini daha sürətli həll etmək olar. Misal olaraq, Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olsa da, bu ölkə ilə də sərhədlərin tam olaraq dəqiqləşdirilməsi prosesi başa çatmayıb. Anklavlarla bağlı məsələlərin də gərginliyə səbəb olacağı ehtimalı azdır. Ona görə də Azərbaycanın hələ də erməni tərəfinin nəzarətində olan 4 anklav kəndinin geri qaytarılması ilə bağlı daha bir uğurlu nəticəyə gəlmək mümkün olacaq.

- Zəngəzur dəhlizi (Tramp marşrutu) məsələsində Rusiya tərəfindən Ermənistan dəmir yolu şəbəkəsinin icarə əsasında ona məxsusluğu ilə bağlı iddiaları gündəmdədir. Kremlin bu yanaşmaları dəhlizin açılmasına necə təsir göstərəcək?
- Faktiki olaraq, bu gün Ermənistanla Rusiya arasında münasibətlər getdikcə gərginləşir, soyuyur. Ermənistan hökumətinin son konsepsiyasında Rusiyanın adı belə çəkilmir. Halbuki, keçmiş konsepsiyada Rusiya Ermənistan üçün strateji tərəfdaş və müttəfiq adlandırılırdı. Paşinyan da parlamentdəki son çıxışında qeyd etdi ki, Ermənistan Rusiyanı strateji tərəfdaş kimi qiymətləndirmir.
- İrəvan üçün bundan sonra nə baş verəcək?
- Bundan sonra Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etmək məsələsi gələcək.
- Moskvanın əsas tələbi nədən ibarətdir?
- Rusiya Prezidenti Vladimir Putin Paşinyandan referendum tələb edir. Bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısında Putin Paşinyanla yenə görüşəcək və ona təzyiq etməyə çalışacaq ki, referendum keçirsin.

- Rusiyanın referendum tələbində əsas məqsəd nədir?
- Putin İrəvanı Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim etməyə çağırır. Bu məsələ də iki ölkə arasında gərginliyi artırır. Vaxtilə Ermənistanın satqın prezidentləri olan Robert Köçəryan və Serj Sarkisyanın sayəsində ölkənin dəmir yolları şəbəkəsi Rusiyanın idarəçiliyinə verilib. İndi isə Rusiya bu şəbəkə üzərində heç bir iş aparmır və apara da bilməz.
- Buna səbəb nədir?
- Çünki Ermənistanın dəmir yolu inkişaf etsə, Azərbaycana və Türkiyəyə qədər bu şəbəkə uzansa, bu Rusiyanın maraqlarına zidd olacaq. Ona görə Kreml bu məsələdə heç bir addım atmayacaq. Bu mənada Paşinyan ölkəsinin dəmir yolu şəbəkəsinin Rusiyanın əlindən almağın qanuni yollarını axtarır. Amma hələ ki, bununla bağlı gərginliyə getmək istəmir. Hətta Kremlə payınızı üçüncü ölkəyə satın deyə təklif səsləndirir. Burada da Qazaxıstanın adı çəkilir.

- Niyə, məhz Qazaxıstanın adı çəkilir?
- Qazaxıstan Orta Dəhlizin əsas iştirakçılarından biridir. Bu ölkə Orta Dəhlizdə və Zəngəzur Dəhlizinin açılmasında maraqlıdır. Paşinyan Qazaxıstanın adını çəkməklə Zəngəzur dəhlizinə də marağını ortaya qoymuş olur.
- Paşinyan bunu necə həyata keçirməyi planlaşdırır?
- Qanuni yollarla bunu həll etmək mümkün olmayacaq. Çünki Rusiya özü bundan imtina etməyəcək. Ermənistan Rusiyanın moderatorluq etdiyi bütün təşkilatlardan çıxacaqsa, Paşinyan da qərar verəcək ki, “daha Rusiya bizə lazım deyil”. Dəmir yollarını da beynəlxalq məhkəmə və digər yollarla Rusiyanın əlindən almaq mümkün olacaq.

- Bunun qarşılığında Rusiya nə edəcək?
- Kremlin bununla bağlı artacağı addımlar mümkün qədər təzyiqlərin artırılması ilə bağlı olacaq. Kənd təsərrüfatı məhsullarına qoyulan qadağa və digər təzyiq mexanizmləri daha da artacaq. Rusiyanın Ukrayna ilə müharibə fonunda Ermənistana qoşun yeridəsi halı yoxdur. Faktiki olaraq, Paşinyan Putindən çəkinmir. Sonuncu görüşlərində də Putin ona Ermənistandakı rusiyapərəst siyasətçilərlə bağlı mesaj vermişdi. Amma bundan sonra Paşinyan ruspərəst müxalifət liderlərini həbsə atdırdı.
- Putin hər il olduğu kimi bu il də Köçəryanı təbrik edərək, onun həbsinə də bir eyham vurub. İndiki məqamda bunu necə şərh etmək olar?
- Paşinyan Putindən çəkinmir. Elə olsa idi Köçəryan həbsə göndərilməzdi. Ona görə də Putinin bu mesajı Paşinyan üçün heç bir əhəmiyyət daşımır. Əslində Rusiya prezidenti Köçəryanı həbsdən çıxaracaq halda da deyil. Bununla yanaşı, Paşinyan kilsə ilə də mübarizəni davam etdirir və Sarkisyana da cinayət işi açdırıb. Ölkəsinin KTMT-dən çıxmaqla bağlı vermiş olduğu mesajlar onun Putinlə baş-başa gəlməyə hazır olduğunu göstərir.

- Kremlin cavab tədbirləri nə ola bilər?
- Artıq Rusiya Ermənistan müxalifətinin əli ilə heç nə edə bilməz. Çünki müxalifətin belə bir imkanları yoxdur. Ola bilsin ki, Ermənistan ordusu üzərində nə isə etmək mümkün olsun. Ermənistan ordusunda hələ də Rusiyaya bağlı casus şəbəkəsi var. Çünki kənd təsərrüfatı məhsullarına qadağa qoymaqla Putin heç nəyə nail olmadı. Paşinyan bir yolla bu məsələdə çıxış tapa bildi. Ona görə də Rusiya Ermənistanda hərbi çevriliş və yaxud Paşinyanı öldürmək yolu ilə xaos yaratmaq istəyə bilər. Amma amerikalılar çörəyi qulaqları ilə yemirlər və Paşinyanın mühafizəsini ciddi şəkildə təşkil edirlər. Kəşfiyyat məlumatlarını Paşinyanla bölüşürlər ki, əgər Ermənistan ordusunda nə isə baş versə, o bundan daha tez xəbər tutsun. Təsadüfi deyil ki, Paşinyan müdafiə nazirindən orduda islahatları sürətləndirməyi tələb edir. Demək ki, o Rusiyanın Ermənistan ordusundakı casus şəbəkəsindən istifadə edə biləcəyi ilə bağlı məlumatlara malikdir.