BAKI, 31 avqust. TELEQRAF
“Avropa İttifaqı (Aİ) Rusiyanın “kölgə donanması”na qarşı tədbirləri davam etdirir, məqsəd təcavüzkar dövlətin hərbi maşınını maliyyələşdirmək üçün istifadə olunan neft satışından əldə edilən gəlirləri maksimum dərəcədə məhdudlaşdırmaqdır”.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
Kallas bildirib ki, avqustun 30-da Aralıq dənizində Aİ-nin IRINI dəniz əməliyyatı çərçivəsində qüvvələr beynəlxalq dəniz hüququnu pozaraq başqa ölkənin bayrağı altında üzdüyü şübhəsi ilə MV SUN neft tankerini yoxlamaq üçün saxlayıb.
O qeyd edib ki, bu tanker son aylarda Aİ-nin dəniz qüvvələri tərəfindən Rusiyanın “kölgə donanması”na aid olduğu şübhəsi ilə saxlanılan 6-cı gəmidir.
Kaya Kallas əlavə edib ki, Aİ müdafiə nazirlərinin çərşənbə axşamı İrlandiyada keçiriləcək qeyri-rəsmi görüşündə “kölgə donanması”na qarşı mübarizə əsas müzakirə mövzularından biri olacaq:
“Kölgə donanmasına aid gəmilər vasitəsilə neftin qanunsuz satışı Rusiyanın Ukraynada apardığı müharibə üçün həyati əhəmiyyət daşıyan maliyyə mənbəyidir və biz bunu məhdudlaşdırmağa davam edəcəyik”.