BAKI, 8 iyul. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elxan bəy, NATO-nun Türkiyədə keçirilən 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü dünyanın diqqət mərkəzindədir. Daha çox maraq doğuran məsələ isə ABŞ Prezidenti Donald Trampın Ankaraya rəsmi səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı vermiş olduğu açıq mesajlar oldu. Verilən açıqlamaların, mesajların proseslərin sonrakı dövr üçün təsiri haqqında proqnozlar nədən ibarətdir?

- ABŞ Prezidentinin Türkiyədə keçirilən NATO tədbirində iştirakını iki aspektdən qiymətləndirmək olar. İlk növbədə Trampın bu tədbirdə iştirakı, səsləndirdiyi fikirlərə, daha sonra isə onun Türkiyəyə olan səfərinə qiymət verilməlidir. ABŞ-dən Prezident səviyyəsində Türkiyəyə səfər 17 il öncə baş tutub. O vaxt ABŞ Prezidenti Barak Obamanın Türkiyəyə səfərindən sonra Amerika dövlət baçılarından heç bir bu ölkəyə gəlməyib. Bu mənada NATO tədbirlərində iştirak edən Trampın Türkiyəyə səfəri zamanı elə ilk saatlardan verdiyi açıqlamalar Ankara-Vaşinqton əməkdaşlığının dərinləşməsindən xəbər verir. Tramp yenə də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı xeyli təriflədi, Türkiyə Prezidentinin və cəmiyyətinin faktiki olaraq eşitmək istədiyi mesajları verdi. ABŞ Prezidenti Türkiyəyə F-35 qırıcı təyyarələrinin satılması ilə bağlı danışıqların müsbət istiqamətdə irəlilədiyini açıqladı. Hətta bu təyyarələrlə bağlı lazım olan hissələrin Türkiyəyə göndərilməsi məsələsinin həll olunacağı da bəyan edildi. Tramp vurğuladı ki, o Türkiyəyə qarşı olan sanksiyaların əleyhinədir. Ağ Ev rəhbəri bəyan etdi ki, dost və müttəfiq dövlətə qarşı sanksiya tətbiq edilə bilməz.

- Praktiki müstəvidə verilən mesajların effektivliyinə inanmaq olarmı? Verilən bütün vədlər yerinə yetiriləcəkmi?

- Sözsüz ki, ABŞ-də hər şey heç də Trampdan asılı deyil. Amerikada dərin dövlət anlayışı var. Dərin dövlət dedikdə, ABŞ Konqresi, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon nəzərdə tutulur. Ən əsasda burada ABŞ Konqresi ölkə prezidentlərinin əl-ayağını bağlayan vacib orqandır. Ona görə də Konqresin razılığı olmadan Trampın Türkiyə ilə bağlı dediklərini həyata keçirmək çətin olacaq.

- F-35-lərlə bağlı qərarın icrasına ümidlər varmı?

- Əslində bununla bağlı qərar verilməlidir. Çünki F-35-lərin alınması ilə bağlı Türkiyə tərəfi ödənişin bir hissəsini çoxdan həyata keçirib. Eyni zamanda F-35-lərin ABŞ və Türkiyə ilə birgə istehsalı da nəzərdə tutulur. Burada istehsalın bir qolu da Türkiyədə olacaqdı.

- Amma bu layihə bir müddət donduruldu. Səbəb nə idi?

- ABŞ-nin keçmiş administrasiyası bəhanə edirdi ki, Türkiyə Rusiyadan S-400 zenit raket kompleksləri alıb. Ona görə də Ağ Evin keçmiş rəhbərliyi Türkiyəyə F-35-lərin satışı ilə bağlı sanksiya qoymuşdu.

- O vaxt Türkiyənin belə bir addım atmasına yəni, Rusiyadan hava hücumundan müdafiə sistemi almasına səbəb nə olmuşdu?

- Həmin vaxt ABŞ Türkiyənin istədiyi hava hücumundan müdafiə sistemlərini, “Patriot” raketlərini verməkdən boyun qaçırmışdı. Ona görə də Ankara məcbur olaraq özünün hava məkanını qorumaq məqsədilə Rusiya ilə anlaşmışdı.

- NATO üzvü kimi Türkiyənin belə bir addım atması prosesə maneə olurdumu?

- Türkiyə rəsmiləri də dəfələrlə amerikalı həmkarlarının diqqətinə çatdırıb ki, bu heç də bir-birinə maneə olmur. Tramp da bunu anlayır. Ona görə də o heç S-400 məsələsinə toxunmadı və onun maneə olduğunu söyləmədi.

- Trampın Türkiyə ilə bağlı verdiyi mesajların reallaşması fonunda nələr ola bilər?

- Sözsüz ki, bu Türkiyə-ABŞ əməkdaşlığını daha da dərinləşdirəcək. Trampın dedikləri elə havada qalsa, yenə həmişəki vəziyyət yaranacaq.

- Amma Türkiyədəki NATO tədbirində ABŞ Prezidentinin iştirak edib-etməyəcəyi belə sual doğurduğu halda o gəldi…

- Reallıqda bu daha çox diqqət mərkəzində olan bir məsələ idi. Çünki Tramp NATO-dan çox narazıdır. O hətta Türkiyəyə gəlməmişdən öncə bir fikir də söyləmişdi ki, NATO sammiti başqa bir ölkədə olsaydı, getməyəcəkdi. Tramp faktiki olaraq, Ankaradakı NATO Sammitinə Ərdoğanın xatirinə gəlib. Bu, o deməkdir ki, ABŞ Prezidenti NATO ilə bağlı yenə də tənqidi fikirlərini səsləndirməkdə davam edəcək.

- ABŞ-nin NATO-dan bu qədər narazı qalması nə ilə izah olunur?

- Bunun məntiqi odur ki, Amerika NATO ölkələrinə uzun illər dəstək verib, maliyyə ayırıb, keçmiş SSRİ-dən, indi isə Rusiyadan onların təhlükəsizliklərini təmin edib. Amma bunun əvəzində NATO ölkələri hərbi büdcələrini artırmadılar. Həmçinin ABŞ NATO ölkələrindən dəstək istədikdə adekvat cavab ala bilmədi.

- NATO ölkələrinin bu məsələdəki davranışı nə ilə izah olunur?

- Bu məsələdə NATO ölkələrini də anlamaq olar. Onlar ABŞ-nin İran əməliyyatında ona görə iştirak etmədilər ki, bu müharibənin tərkib hissəsi olmaq istəmirlər. Bu mənada Trampın onlara qarşı sərt tənqidi var.

- Bu halda NATO ölkələri nəyə ümid edir?

- Onlar Trampın əbədi olaraq ABŞ Prezidenti olacağına ümid etmirlər. Düşünürlər ki, bir neçə ildən sonra onun səlahiyyətləri başa çatacaq və başqa bir siyasətçi Amerikanın prezidenti olacaq. Beləliklə, yeni prezidentlə əvvəllər olduğu kimi yola davam edəcəklər.

- NATO Sammitindən Rusiya-Ukrayna, Yaxın Şərqdə baş verənlərlə bağlı nə kimi gözləntilər var idi?

- Rusiya-Ukrayna müharibəsi fonunda Yaxın Şərqdə də vəziyyət kövrəkdir. Ötən gün yenidən ABŞ və İran arasında qarşılıqlı hücumlar olunub. İran Hörmüz boğazında tankerlərə hücum edib. Buna cavab olaraq Amerika İranın hərbi obyektlərinə zərbə endirib. Tehran daha sonra ABŞ-nin körfəz ölkələrindəki hərbi bazalarına raket atıb. Ona görə də ABŞ ilə İran arasında mövcud atəşkəs də kövrəkdir. Bunun fonunda Yaxın Şərqdə müharibənin hər an genişlənməsi ehtimalı var. Çünki bu məsələdə tərəflər arasında əldə edilən razılaşma çox nisbidir.

- Kreml-Kiyev arasında qarşılıqlı hücumlar ara vermir. Bu nə vaxta qədər davam edəcək və NATO dövlətlərinin bununla bağlı verəcəyi qərar nə ola bilər?

- NATO-nun Türkiyədəki tədbirinə Ukrayna Prezidenti Volodimir Zelenski də dəvət edilib. O da Ankaradakı tədbirlərə qatıldı və çıxışında bir daha ölkəsinin müharibə istəmədiyini bəyan etdi. Həmçinin Zelenski müharibə davam edəcəyi halda, Ukraynanın müqavimətinin də davam edəcəyini vurğuladı. Bəyan etdi ki, ölkəsi "ağ bayraq" qaldırası deyil.

- Trampın Rusiya-Ukrayna məsələsinə baxışında nə kimi dəyişikliklər var?

- Görünən odur ki, ABŞ Prezidentinin bu müharibəyə baxışı dəyişib. Əgər, Tramp prezidentliyinin ilk aylarında Zelenskiyə təzyiq etməyə, Rusiyanın xeyirinə hansısa plan ortaya qoymağa çalışırdı. O düşünürdü ki, Kiyev reallığı qəbul edib Rusiya ilə anlaşacaq və s. İndi isə görünən odur ki, Trampın bu məsələdə mövqeyi dəyişib. Onun müşavirləri də izah ediblər ki, Ukraynanın Rusiya qarşısında müqavimət gücü artıb. Faktiki olaraq, Ukrayna son hücumları fonunda Rusiyada yanacaq böhranı yaradıb. Bu kontesktdə Tramp Zelenskini və Ukraynanı tərifləməyə başlayıb. Ona görə də Ağ Ev rəhbərinin hazırkı baxışı Ukrayna üçün problem yaratmır.

- Ukrayna üçün burada ən optimal seçim nədən ibarət ola bilər?

- Burada ən optimal vəziyyət ABŞ-nin bu məsələlərə qarışmaması ola bilər. Amerika əvvəlki kimi hərbi texnikanı Avropaya satması fonunda bu silahlar ikincilərin əli ilə Ukraynaya verilməsi daha məqbul variantdır. Bu Zelenski üçün kifayət edəcək bir məsələdir. Çünki Tramp məsələyə qarışdıqda bu Ukraynanın zərərinə olur. Ona görə də Trampın indiki mövqeyi Ukrayna üçün kifayət edir.

- Ankaradakı NATO Sammitində Ukrayna ilə bağlı hansı qərarlar verilə bilər?

- Türkiyədəki tədbirlərdə Ukraynaya dəstəyin artırılması ilə bağlı ortaq fikir var. Son günlər bu məsələ ilə bağlı həyəcanlı fikirlər daxil olmağa başlayıb. Bu da ondan ibarətdir ki, London və Vaşinqton Varşavanı xəbərdar edib ki, Rusiya yaxın müddətdə Polşaya raket hücumları həyata keçirə bilər.

- Bu nəyə görə baş verə bilər?

- Çünki Rusiya prezidenti faktiki olaraq başını itirib. Ukraynada istədiyi nəticəni əldə etmir, Konstantinovkanı ələ keçirdiklərini bəyan etsələr də, bu digər şəhərlərin ələ keçirilməsi kimi ziddiyyətlidir. Eyni zamanda hazırda Rusiyada yanacaq böhranı yaşanır. Bunun fonunda Rusiya hansısa Avropa ölkəsinə, o cümlədən Polşaya raket ata bilər. Bunun Baltikyanı ölkələr olması ehtimalı da var. Ona görə də bu təsadüfi, hansısa qəzetin xəbəri deyil. Bu kəşfiyyat məlumatlarına əsaslanır. Ola bilsin, Qərb ölkələrinin Rusiya ordusu daxilində xəfiyyələri də var. Bu mənbələrdən də məlumatlar əldə etmək mümkün olur.

- Belə çıxır ki, Rusiyadan Polşaya hücum edilməsi ehtimalı da var?

- Bunu istisna etmək olmaz. İndiki halda bu təəccüblü görünə bilər. Amma 15 il öncə Rusiyanın da Ukraynaya raket atacağı ehtimal edilmirdi. Bu hətta fantastik bir xəbər olardı. Amma bunların hamısı baş verdi. Ona görə də Polşaya və Baltikyanı ölkələrə Rusiya tərəfindən hücumların edilməsi ehtimalı böyükdür. Sözsüz ki, bu mövzu da Ankaradakı NATO Sammitində geniş şəkildə müzakirə olunub.