BAKI, 23 avqust. TELEQRAF
"Mirzə Uluqbəy adına məktəb - bu gün artıq orada təhsil ala biləcək şagirdlərin demək olar ki, hamısını qəbul edib. Məktəb təxminən 1000 nəfərlikdir, son məlumatlara görə isə orada artıq bir neçə yüz şagird təhsil alır və bu məktəb həm də dostluğumuzun, qardaşlığımızın bir rəmzidir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında çıxışı zamanı deyib.
"Həmçinin biz Sizinlə birlikdə Xankəndidə özbək dostlarımız tərəfindən rekord qısa müddətdə yaradılmış tikiş fabrikini ziyarət etmişik. Biz Xankəndidə birlikdə kollektivlə də görüşmüşük. Təbii ki, Qarabağ regionunda iş yerlərinin yaradılması, - xüsusilə qadınlar üçün, - hazırda böyük əhəmiyyət daşıyır. Yenə də müasir istehsal müəssisəsinin yaradılması və 200-dən çox iş yerinin açılması üzrə ilk investisiya layihəsi Özbəkistan tərəfindən həyata keçirilir. Buna görə Sizə çox minnətdaram", - deyə Azərbaycan Prezidenti vurğulayıb.