BAKI, 22 avqust. TELEQRAF

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ortaq tarixi köklərə, qarşılıqlı hörmətə, dərin mənəvi bağlara və xalqlarımız arasında formalaşmış qarşılıqlı rəğbətə əsaslanır. Milli-mədəni inkişafı, dövlətçilik ənənələri və ümumi türk irsi ilə bir-birinə yaxın olan Azərbaycan və Özbəkistan bu gün müstəqil, güclü və suveren dövlətlər kimi münasibətlərini yeni strateji mərhələyə yüksəldirlər. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər də iki ölkə arasında əlaqələrin mahiyyətini və inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur.

Bu sözləri Teleqraf-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Özbəkistan arasında siyasi dialoq çox yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında təbii müttəfiqliyin rəsmi şəkildə möhkəmləndirilməsinə mühüm töhfə verib.

2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri münasibətlərin strateji əhəmiyyətini daha da gücləndirib. Səfərlər çərçivəsində imzalanmış, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında əlaqələrin hüquqi və siyasi əsaslarını möhkəmləndirib, əməkdaşlığın gələcək inkişafı üçün yeni imkanlar açıb.

2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura isə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib. Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən birini iqtisadi-ticari əməkdaşlıq təşkil edir. Son illərdə bu sahədə əlaqələr sürətli inkişaf dinamikası nümayiş etdirir. Hər iki ölkənin iqtisadi potensialı, coğrafi mövqeyi və nəqliyyat imkanları bir-birini tamamlayaraq qarşılıqlı investisiyaların artırılması və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş imkanlar yaradır.

Hökumətlərarası Komissiya iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycanın Özbəkistanda həyata keçirdiyi investisiya layihələri və Özbəkistanın Azərbaycandakı təşəbbüsləri iqtisadi tərəfdaşlığın qarşılıqlı xarakterini nümayiş etdirir.

Azərbaycan və Özbəkistan arasında enerji, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq son dövrlərdə yeni məzmun kəsb edib. Bu əməkdaşlıq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında enerji əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika qurumları tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis olunması bu istiqamətdə mühüm addım olub. Birgə müəssisə Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerjinin ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədi daşıyır.

Bu əməkdaşlıq Azərbaycanın enerji infrastrukturu ilə Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının əlaqələndirilməsi üçün yeni perspektivlər açır”.

Komitə sədri hesab edir ki, Azərbaycan-Özbəkistan münasibətlərinin gücü siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmır:

“Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər iki ölkə arasında humanitar münasibətlərin inkişafı üçün möhkəm əsas yaradır.

Son illərdə qarşılıqlı səylər və dövlətlərin dəstəyi ilə mədəni-humanitar əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Təhsil sahəsində əməkdaşlıq bu tərəfdaşlığın aparıcı istiqamətlərindən biridir. Ali təhsil müəssisələri, elmi dairələr və ziyalılar arasında əlaqələrin inkişafı gələcək nəsillər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.

Media sektorunda əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Media qurumları arasında əlaqələrin genişlənməsi iki ölkə haqqında obyektiv məlumatların yayılmasına və xalqlarımızın bir-birini daha yaxından tanımasına imkan yaradır. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi də bu əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir.

Regionlararası əməkdaşlığın inkişafı Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindəndir. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri qurulub. Yaxın perspektivdə Naxçıvan və Ürgənc arasında da qardaşlaşmış şəhər münasibətlərinin yaradılması nəzərdə tutulur.

Bu təşəbbüslər ortaq tarixi və mədəni irsin qorunmasına, mədəni, təhsil, turizm və gənclər mübadilələrinin genişləndirilməsinə, gələcək nəsillər arasında dostluq və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsidir. Ortaq türk irsi, tarix və mədəniyyət iki ölkənin Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində fəal mövqe tutmasını şərtləndirir.

Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi türk dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisə olub. Zirvə görüşündə Türk dünyasında daha sıx birliyin təmin edilməsi və onun qlobal arenada təsir imkanlarının artırılması ilə bağlı mühüm məsələlər müzakirə edilib.

Azərbaycan və Özbəkistanın bu proseslərdə fəal iştirakı iki ölkənin Türk dünyasının gələcəyi ilə bağlı ortaq baxışlarını nümayiş etdirir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi perspektiv vəd edir. Azərbaycan ilə Mərkəzi Asiya arasında nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi regionların daha sıx inteqrasiyasına imkan yaradır”.

Deputat vurğulayıb ki, Azərbaycan və Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslər xalqlarımızın tarixi yaddaşının gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Əsrlər boyu formalaşmış ədəbi, elmi, fəlsəfi və mədəni irs Azərbaycan və Özbəkistan xalqlarının ortaq mənəvi xəzinəsinin mühüm hissəsidir. Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli və türk-islam mədəniyyətinin digər görkəmli nümayəndələrinin irsi iki xalqın tarixi-mədəni yaxınlığının parlaq nümunəsidir.

Bu irsin birgə tədqiqi, qorunması və beynəlxalq səviyyədə təbliği həm iki ölkə, həm də bütövlükdə Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə dinamik şəkildə inkişaf edib. Azərbaycan siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, enerji və humanitar sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir.

Bu siyasət çərçivəsində Özbəkistanla münasibətlər xüsusi yer tutur. Azərbaycan və Özbəkistanın Xəzər hövzəsi, Mərkəzi Asiya və daha geniş coğrafiyada mövcud imkanlarının əlaqələndirilməsi yeni regional əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır.

İki ölkənin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın möhkəmləndirilməsinə töhfə verir”.

Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi kimi Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız yüksək səviyyəli siyasi dialoqla məhdudlaşmır:

“Bu əlaqələr siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar, təhsil, media və regionlararası əməkdaşlığı əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilib.

“Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə münasibətlərin hüquqi və siyasi bazasının möhkəmləndirilməsi iki ölkənin gələcəyə dair siyasi iradəsini nümayiş etdirir.

Bu gün Azərbaycan-Özbəkistan münasibətləri iki qardaş xalqın tarixi və mənəvi yaxınlığını müasir dövlətlərarası əməkdaşlığın imkanları ilə birləşdirən nümunəvi tərəfdaşlıq modelidir. Qarşılıqlı səfərlər, siyasi dialoq, iqtisadi və enerji layihələri, qardaşlaşmış şəhərlər, humanitar əlaqələr və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq bu münasibətlərin çoxşaxəli xarakterini nümayiş etdirir.

İki ölkə rəhbərlərinin nümayiş etdirdiyi siyasi iradə və xalqlar arasında mövcud olan dərin qarşılıqlı rəğbət Azərbaycan-Özbəkistan münasibətlərinin bundan sonra da yüksələn xətt üzrə inkişafına möhkəm zəmin yaradır. Bu münasibətlər həm iki ölkənin milli maraqlarına, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin genişlənməsinə, Türk dünyasının birliyinin və beynəlxalq nüfuzunun güclənməsinə mühüm töhfə verir.

Beləliklə, Azərbaycan və Özbəkistan arasında formalaşmış müttəfiqlik münasibətləri ortaq tarixdən güc alan, müasir strateji maraqlarla zənginləşən və gələcəyə hesablanan möhkəm tərəfdaşlıq modelidir. Bu model qarşılıqlı etimad və hörmətə əsaslanmaqla yanaşı, regionda sülhün, sabitliyin, iqtisadi inkişafın və inteqrasiya proseslərinin möhkəmləndirilməsi üçün geniş imkanlar açır”.