BAKI, 23 avqust. TELEQRAF
Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin ardıcıl şəkildə inkişaf etdirilməsi təşkil edir. Bu kontekstdə Özbəkistan Respublikası ilə əlaqələr xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildiriib.
Deputat qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız dövlətlərarası əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, dərin tarixi, mədəni və mənəvi bağlara söykənən qardaşlıq münasibətlərinin siyasi və diplomatik müstəvidə strateji tərəfdaşlığa, daha sonra isə müttəfiqliyə çevrilməsinin nümunəsi kimi çıxış edir.
"İki xalqı ortaq tarix, dil, din, mədəniyyət, adət-ənənələr və mənəvi dəyərlər birləşdirir. Məhz bu möhkəm təməl Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafına xüsusi dayanıqlılıq qazandırır. Ölkələrimiz beynəlxalq və regional əhəmiyyət daşıyan məsələlərdə bir-birinin mövqeyinə hörmətlə yanaşır, qarşılıqlı dəstək nümayiş etdirir və münasibətlərin yeni istiqamətlər üzrə genişləndirilməsində siyasi iradə ortaya qoyurlar".
M.Vəliyevanın sözlərinə görə, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri xüsusi qeyd edilməlidir: "Heydər Əliyevin uzaqgörən xarici siyasət strategiyasında Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tuturdu. Bu siyasət Azərbaycanın tarixi və mədəni yaxınlıq əsasında regional əməkdaşlıq imkanlarını genişləndirməsinə şərait yaratdı. Ulu öndərin 18–19 iyun 1997-ci ildə Özbəkistana rəsmi səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında mühüm mərhələ oldu. Səfər çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsinə, əlaqələrin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verdi.
Bu baxımdan, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü dinamikasını yalnız son illərin nəticəsi kimi qiymətləndirmək düzgün olmazdı. Mövcud yüksək səviyyəli əlaqələrin təməlində illər ərzində formalaşdırılmış siyasi etimad, qarşılıqlı hörmət və ardıcıl dövlət siyasəti dayanır. Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə görünməmiş dinamika qazanması, ilk növbədə, iki ölkə prezidentlərinin siyasi iradəsi və şəxsi münasibətləri ilə bağlıdır. Prezident İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi diqqət yetirməsi nəticəsində ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qarşılıqlı etimad və hörmətə əsaslanan yüksək səviyyəli siyasi dialoq əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə mühüm impuls verib".
O vurğulayıb ki, son beş ildə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivliyi də bunu aydın şəkildə göstərir:
"Prezident İlham Əliyevin Özbəkistana iki dövlət və dörd işgüzar səfər etməsi, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycana iki dövlət və yeddi işgüzar səfərinin baş tutması münasibətlərin siyasi çəkisinin göstəricisidir".

O əlavə edib ki, diplomatiyada yüksək səviyyəli qarşılıqlı səfərlər yalnız protokol xarakterli tədbir deyil. Bu səfərlər siyasi etimadın möhkəmləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, strateji qərarların qəbul edilməsi və əldə olunmuş razılaşmaların icrasına siyasi nəzarətin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan prezidentləri arasında formalaşmış etibarlı siyasi dialoq də məhz belə institusional və strateji əməkdaşlığın əsas hərəkətverici qüvvələrindən biridir.
Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyəsi özünü yalnız siyasi bəyanatlarda deyil, həm də geniş hüquqi-sənəd bazasında göstərir. Son illərdə imzalanmış mühüm sənədlər arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” xüsusi əhəmiyyət daşıyır. Bu sənədlər iki ölkə arasında münasibətlərin siyasi-hüquqi çərçivəsini daha da möhkəmləndirməklə yanaşı, gələcək əməkdaşlığın istiqamətlərini də müəyyən edir. Xüsusilə müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında tarixi mərhələ kimi qiymətləndirilə bilər. Çünki bu sənəd qarşılıqlı münasibətləri sadəcə dostluq və strateji tərəfdaşlıq səviyyəsində deyil, daha yüksək siyasi etimad və qarşılıqlı dəstək müstəvisində rəsmiləşdirir"
Parlamentari diqqətə çatdırıb ki, iki ölkə arasında münasibətlər təsadüfi və situativ xarakter daşımır.
"Əksinə, onlar konkret sənədlərlə möhkəmləndirilmiş, institusional mexanizmlərlə dəstəklənən və uzunmüddətli perspektivə hesablanmış strateji xarakter daşıyır. Azərbaycan–Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərindən biri əməkdaşlığın çoxşaxəli xarakter daşımasıdır. Siyasi və diplomatik əlaqələrlə yanaşı, iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, humanitar sahə, təhsil, mədəniyyət və digər istiqamətlərdə qarşılıqlı əlaqələr genişlənir. Bu əməkdaşlıq həm ikitərəfli münasibətlər, həm də daha geniş regional inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe və Özbəkistanın Mərkəzi Asiyanın mühüm iqtisadi və siyasi mərkəzlərindən biri olması iki ölkənin nəqliyyat və logistika imkanlarının əlaqələndirilməsinə əlavə perspektivlər yaradır. Orta Dəhlizin inkişafı, Şərq–Qərb nəqliyyat əlaqələrinin genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından Azərbaycan–Özbəkistan əməkdaşlığı xüsusi potensiala malikdir. Bu əməkdaşlıq eyni zamanda Türk dünyasının iqtisadi və nəqliyyat əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır", - deyə qeyd edib.
M.Vəliyeva vurğulayıb ki, Azərbaycan və Özbəkistanın münasibətlərini fərqləndirən mühüm cəhətlərdən biri də ən vacib məsələlərdə nümayiş etdirilən qarşılıqlı siyasi dəstəkdir: "Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra regionda yaranmış yeni reallıqlar fonunda Özbəkistanın Azərbaycana göstərdiyi qardaş münasibəti xüsusi qiymətə malikdir. Eyni zamanda Azərbaycan da Özbəkistanın regional və beynəlxalq təşəbbüslərinə daim dəstək nümayiş etdirir. Bu qarşılıqlı dəstək iki dövlət arasında münasibətlərin yalnız milli maraqlar səviyyəsində deyil, daha geniş regional və beynəlxalq platformalarda da uzlaşdırıldığını göstərir. Məhz belə qarşılıqlı etimad mühiti Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin mövqelərinə həssas və konstruktiv yanaşmasına imkan yaradır".
Deputat sonda qeyd edib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü mərhələsini xarakterizə edən əsas məqam ondan ibarətdir ki, tarixi və mənəvi yaxınlıq artıq konkret siyasi, iqtisadi və institusional əməkdaşlıq mexanizmləri ilə tamamlanır. Bu münasibətlərdə emosional və mənəvi bağlar mühüm rol oynasa da, onların davamlılığını təmin edən əsas amillərdən biri də qarşılıqlı milli maraqların uzlaşmasıdır. Hər iki ölkə regional sabitlikdə, iqtisadi inkişafda, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsində, investisiya əməkdaşlığında və Türk dünyasının daha sıx inteqrasiyasında ortaq maraqlara malikdir. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri yalnız ikitərəfli əməkdaşlığın deyil, daha geniş regional əməkdaşlıq modelinin mühüm elementinə çevrilir. Münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi qarşıdakı dövr üçün daha geniş əməkdaşlıq imkanları yaradır. İndi əsas vəzifə əldə olunmuş siyasi razılaşmaların və imzalanmış sənədlərin praktiki nəticələrə çevrilməsini, iqtisadi və humanitar əlaqələrin daha da dərinləşdirilməsini təmin etməkdir".

Xüsusilə qarşılıqlı investisiyaların artırılması, birgə müəssisələrin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi, nəqliyyat və logistika imkanlarının daha səmərəli əlaqələndirilməsi, təhsil və elm sahəsində mübadilələrin gücləndirilməsi iki ölkənin əməkdaşlığının yeni mərhələsinin əsas istiqamətləri sırasında yer ala bilər. Eyni zamanda xalqlar arasında humanitar əlaqələrin genişləndirilməsi, mədəni layihələrin artırılması və gənclər arasında təmasların gücləndirilməsi münasibətlərin uzunmüddətli perspektivdə daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan və Özbəkistanın qarşısında həm də Türk dünyasının inteqrasiya proseslərinə daha böyük töhfə vermək imkanları dayanır. İki ölkənin siyasi iradəsi, iqtisadi potensialı və regional imkanları bu istiqamətdə mühüm nəticələrin əldə edilməsinə şərait yaratdır. Azərbaycan-Özbəkistan münasibətləri tarixi dostluğun müasir diplomatiyanın imkanları ilə birləşdiyi uğurlu dövlətlərarası əməkdaşlıq nümunəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strateji xətt Prezident cənab İlham Əliyevin siyasi iradəsi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin konstruktiv yanaşması nəticəsində yeni məzmun və dinamika qazanıb. Bu gün Azərbaycan və Özbəkistan münasibətləri sadəcə dostluq çərçivəsində deyil, müttəfiqlik səviyyəsində inkişaf edir. İmzalanmış mühüm sənədlər, qarşılıqlı yüksək səviyyəli səfərlər, artan siyasi dialoq və genişlənən iqtisadi-humanitar əməkdaşlıq bu münasibətlərin strateji xarakterini təsdiqləyir. Ən başlıcası isə Azərbaycan və Özbəkistan arasında münasibətlərin möhkəm təməli xalqlarımızın qəlbində formalaşmış qardaşlıq hissləridir. Dövlətlərarası əlaqələrin siyasi-hüquqi mexanizmlərlə möhkəmləndirilməsi isə bu qardaşlığın uzunmüddətli və dayanıqlı strateji tərəfdaşlığa çevrilməsinə imkan yaradır. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri iki qardaş dövlətin milli maraqlarına xidmət etməklə yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsinə, Türk dünyasının birliyinin möhkəmlənməsinə və regionda sülh, sabitlik və rifahın təmin olunmasına mühüm töhfə verən strateji amillərdən biridir".
Milli Məclisin deputatı Səbinə bildirib ki, Azərbaycan və Özbəkistan arasında möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlər hazırda yeni və daha yüksək mərhələyə yüksəlib:
“Son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların artması iki ölkə arasında etimad mühitini daha da möhkəmləndirib. Nəticədə Azərbaycan–Özbəkistan əlaqələri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib və münasibətlərə tamamilə yeni məzmun gətirilib. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı səmimi dostluq münasibətləri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər iki ölkə arasında siyasi əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin uğurla həyata keçirilməsinə mühüm töhfə verir. Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafının ən mühüm göstəricilərindəndir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrin tarixində mühüm siyasi hadisələr kimi yadda qalıb. Bu gün isə Prezident İlham Əliyevin Özbəkistana növbəti səfəri baş tutub. Bu səfərlər çərçivəsində imzalanmış çoxsaylı sənədlər xüsusilə strateji tərəfdaşlığın dərinləşdirilməsinə və müttəfiqlik münasibətlərinə dair sənədlər əlaqələrin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib”.

Deputat bildirib ki, dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Özbəkistan arasındakı siyasi münasibətlər iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir.
“Bu çoxşaxəli əməkdaşlıq yeni layihələrin həyata keçirilməsinə və xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir. İqtisadi-ticari münasibətlərdə müşahidə olunan dinamika xüsusilə diqqətəlayiqdir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması əlaqələrin iqtisadi potensialının nə qədər böyük olduğunu göstərir. 2026-cı ilin ilk beş ayında isə ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artması qarşılıqlı iqtisadi marağın davamlı şəkildə yüksəldiyini nümayiş etdirir. Bundan başqa, nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan münasibətlərinə regional və beynəlxalq əhəmiyyət qazandırır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm halqası kimi Özbəkistanın Avropa bazarlarına çıxış imkanlarının genişlənməsində mühüm rol oynayır. Orta Dəhlizin imkanlarının artırılması iki ölkənin nəqliyyat-logistika potensialını daha sıx şəkildə əlaqələndirir və Türk dünyasının iqtisadi inteqrasiyasına yeni impuls verir”.
S.Salmanova söyləyib ki, Azərbaycan–Özbəkistan əməkdaşlığında Qarabağın və Şərqi Zəngəzurun bərpası önəmli yer tutur:
“Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində göstərdiyi qardaşlıq dəstəyi münasibətlərimizin səmimiliyinin bariz nümunəsidir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb bunun ən parlaq nümunələrindən biridir. Bu təhsil ocağı təkcə müasir məktəb binası deyil, Azərbaycan və Özbəkistan xalqları arasındakı qardaşlığın, həmrəyliyin və gələcəyə birgə baxışın rəmzidir. Təhsil sahəsində qarşılıqlı mübadilələr də genişlənir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması gənc nəslin qarşılıqlı əlaqələrinin inkişaf etdiyini göstərir. Bu münasibətlər gələcəkdə iki ölkənin elmi, intellektual və peşəkar potensialının daha sıx əməkdaşlığı üçün mühüm zəmin yaradır”.
Parlamentari onu da vurğulayıb ki, Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır:
“Hər iki dövlət Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsinə, təşkilat daxilində iqtisadi, nəqliyyat, mədəni və humanitar əlaqələrin inkişafına ardıcıl dəstək verir. Azərbaycan ilə Özbəkistanın ikitərəfli müttəfiqlik münasibətləri Türk dünyasında inteqrasiya proseslərinin daha da sürətlənməsi baxımından mühüm amildir. Bu gün Azərbaycan–Özbəkistan münasibətləri yalnız ikitərəfli əlaqələr müstəvisində deyil, daha geniş regional əməkdaşlıq kontekstində də mühüm əhəmiyyət daşıyır. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, enerji və iqtisadi layihələrin həyata keçirilməsi yeni əməkdaşlıq imkanları yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq uzunmüddətli strateji perspektivə malik hərtərəfli tərəfdaşlıq modelinə çevrilib. Bu modelin əsasını siyasi etimad, iqtisadi maraqlar, tarixi-mədəni yaxınlıq və xalqlarımızın qarşılıqlı rəğbəti təşkil edir”.